Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 6 fevral - Sputnik. İdlibdə baş verənlər bütün dünyada narahatlıq doğurdu. Biz Suriya üzrə qarant dövlətlər olan Rusiya və İranla bu məsələni gündəmdə saxlayırıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu qeyd edib ki, son zamanlar İdlibdə Suriya rejiminin hücumları hər kəsi narahat edir: "Prezident Ərdoğan bu məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etdi. Bu istiqamətdə birgə səyləri davam etdirmək qərarı verildi. Bu məsələ ilə bağlı Rusiyadan Türkiyəyə nümayəndə heyəti gələcək. Onların çalışmalarından sonra ehtiyac olarsa Türkiyə və Rusiya liderləri - Ərdoğan və Putin arasında görüş baş tuta bilər".
Çavuşoğlu vurğulayıb ki, Rusiya ilə Türkiyə arasında heç bir problem yoxdur, əsgərlərə hücum edənlər rejim (Əsəd hökuməti) qüvvələridir. Bizim də səbrimizin həddi var və biz bunu hərbçilərimiz şəhid olduqdan sonra göstərdik. Biz problemləri həll etmək üçün Rusiya ilə əməkdaşlığı davam etdiririk, mən şəxsən özüm Lavrovla son günlər iki dəfə danışmışam".