BAKI, 6 fevral — Sputnik. Türkiyədə İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağında dayana bilməyib və yolun kənarına yuvarlanaraq 3 yerə parçalanıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə dünən axşam saat 18:19 (Bakı vaxtı ilə 19:19) radələrində baş verib. Təyyarədə 177 sərnişin və 6 ekipaj üzvü olub.
İstanbul valisi Əli Yerlikayanın sözlərinə görə, hadisə zamanı 180 nəfər xəsarət alıb, 3 nəfər isə ölüb. Ölənlər Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurtdur.
Otuz metr yüksəklikdən yerə çırpılan təyyarə 50-60 metr irəlilədikdən sonra parçalanıb. Təyyarə parçalanandan sonra yanğın başlayıb. Sərnişinlərin bəzisi özü təyyarərdən çıxa bilib.
Təyyarədə 22 nəfər əcnəbi olub.
Qeyd edək ki, yaralılardan dördünün vəziyəti orta-ağır, digərlərinin vəziyyəti isə stabildir. Hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün Anadolu Baş Prokurorluğunda araşdırma başlanılıb.