BAKI, 5 fevral — Sputnik. Bakıda qarajda yaşayan ahıl vətəndaş sosial sığınacağa yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbaut katibi Fazil Talıbov məlumat verib.
O bildirib ki, Bakı şəhəri, Azadliq prospekti, 24/184 ünvanında, qarajların birində kimsəsiz və baxımsız şəraitdə yaşayan vətəndaş barədə məlumat daxil olub. Dərhal vətəndaşın qaldığı ünvana gedilib. Müəyyən edilib ki, uşaq evində böyüyən Həsənov Saleh Əbdül oğlunun hazırda 63 yaşı var, ailə həyatı qurmayıb, əmək fəaliyyəti məhduddur. 20 ildən çoxdur ki, müxtəlif ünvanlarda baxımsız vəziyyətdə yaşayır. Onunla söhbət aparılıb və razılığı ilə nazirliyin yaşayış yeri olmayanlar üçün sığınacağına yerləşdirilib. O, sığınacaqda lazımı şəraitlə təmin olunub. Ağsaqqal vətəndaş ona göstərilən qayğıya görə təşəkkürünü bildirib.