BAKI, 5 fevral — Sputnik. "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Lerik rayonunun bir sıra kəndlərinin işıqsız qalması ilə bağlı məsələyə münasibət bildirib.
"Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda məlumat verib. O bildirib ki, son iki gündə respublikada hökm sürən güclü küləklə əlaqədar olaraq bir sıra qabaqlayıcı tədbirlər görülüb:
"Xüsusilə dağlıq rayonlarda nasaz elektrik xətlərinin insanlarımızın həyatına təhlükə yaratmaması üçün bəzi ərazilərdə özümüz elektrik enerjisinin verilişində fasilələr yaradırıq. Bu fasilələr əsasən üzərindən elektrik xətləri keçən, küçələrdəki dayaqların aşma təhlükəsi olan yerlərdədir".
"Əsas hədəfimiz odur ki, təsərrüfatlara ziyan dəyməsin, daha böyük qəzalar və enerji verilişində fasilələr yaranmasın", - deyə o əlavə edib.
T.Mustafayev bildirib ki, hazırda küləyin ziyan vurduğu yerlərdə dəyən ziyanın aradan qaldırılması üçün bərpa işləri gedir: "Lakin regionlardan bizə iki gün hansısa bir ərazidə işığın olmaması ilə bağlı zəng daxil olmayıb. Qeyd edim ki, hazırda Lerikin 3, Gədəbəyin 2, Daşkəsənin 2, Qəbələnin 1 kəndində iri gövdəli ağacların elektrik xətlərinin üzərinə aşması nəticəsində enerji verilişində fasilələr yaranıb, amma tərəfimizdən problem qısa müddətdə aradan qaldırılacaq".