CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusdan da təhlükəli: Bu biri heç Çindən də gəlməyib, "özümüzünkü"dür

CC0 / Alturas Homes / groundПочва, фото из архива
Почва, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bir otaq qızıdırılır, hamı o otağa yığılır və bu otaqda da adətən qapı-pəncərə açılmır ki, bu da otaqda radon konsentrasiyasının artmasına gətirib çıxarır"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Bir müddət əvvəl AMEA Geologiya və Geofizika İnstitutu tərəfindən Azərbaycanın yüksək təbii radiasiya fonu olan ərazilərində yaşayan əhalinin həyat keyfiyyəti və uzunömürlülük fenomeni tədqiq edilib. Ümumilikdə, Azərbaycanda radon qazının öyrənilməsinə həsr edilmiş genişmiqyaslı tədqiqatlar 2010-cu ildən başlayaraq həyata keçirilib. Bu tədqiqatların nəticələri əsasında ilk dəfə olaraq Azərbaycan ərazisində radonun həcmi aktivliyinin paylanması xəritəsi tərtib edilmiş və radon təhlükəli ərazilər müəyyən edilib.

Sputnik Azərbaycan AMEA-nın müxbir üzvü, AMEA Geologiya və Geofizika İnstitunun “Geoloji Mühitin Radiometriyası” şöbəsinin rəhbəri Çingiz Əliyevlə Azərbaycanda radonun nisbətən yüksək olduğu ərazilər və onun zərərləri ilə bağlı müsahibəni təqdim edir:

© Sputnik / Irade JELILAMEA Geologiya və Geofizika İnstitunun “Geoloji Mühitin Radiometriyası” şöbəsinin rəhbəri Çingiz Əliyev
Koronavirusdan da təhlükəli: Bu biri heç Çindən də gəlməyib, özümüzünküdür - Sputnik Azərbaycan
AMEA Geologiya və Geofizika İnstitunun “Geoloji Mühitin Radiometriyası” şöbəsinin rəhbəri Çingiz Əliyev

- Çingiz müəllim, bir müddət əvvəl Azərbaycanda radon səviyyəsi müəyyən edilərək  xəritə hazırlandı. Radon nədir? Hansı ərazilərdə daha çox olur?

- Radon problemi dünyada insanları narahat edən əsas məsələlərdən biridir. Avropa ölkələri, ABŞ və Yaponiyada bu problemlə çoxdan məşğuldurlar. Azərbaycanda isə bu problemin araşdırılması üçün maliyyəyə ehtiyac var idi. 2010-2012-ci illərdə İsveçrə Elm Fondu müsabiqə elan etmişdi. Biz də Fonda müraciət edərək problemlərimizin olduğunu bildirdik. Vurğuladıq ki, bizim ərazi yüksək seysmik aktivliyə malikdir. Tez-tez zəlzələlər olur. Təklif etdik ki, Azərbaycanda da radon qazının səviyyəsi öyrənilsin. Onlar da bu fikri dəstəkləyib, Azərbaycana 2500 ədəd detektor göndərdilər. Bu detektorları Abşeron və digər bölgələrə payladıq. Ancaq detektorlar paylanılan zaman bəzi problemlərlə qarşılaşdıq. Çünki bizim əhali bu işə hazır deyildi. Biri dedi ki, “Siz bizim söhbətlərə qulaq asacaqsınız”, biri dedi ki,” Bizi şüalandıracaqsınız” və s.. Bu səbəbdən də  aidiyyatı qurumlara müraciət etməli olduq. Sonradan qərar verdik ki, həkimləri də bu məsələyə istiqamətləndirək. Əhali arasında maarifləndirmə aparıldı ki, bu cihazlar radonu ölçmək üçündür. Detektorlar paylanılan zaman xüsusi sorğu vərəqələri dolduruldu. Bu vərəqələrdə detektorun nömrəsi, ev telefonu və ünvanı, evlərin hansı tikinti materiallarından tikilməsi və ailədə xərçəng xəstəliyinin olub–olmaması qeyd edilirdi.

İki aydan sonra bütün detektorları yığdıq. Detektorlardakı informasiyanın emalı Azərbaycanda mümkün olmadığına görə onlar İsveçrəyə göndərildi. Alınan nəticələr əsasında Azərbaycan ərazisi üçün radon kadastrı yaradıldı və radonun paylanması xəritəsi tərtib edildi.

© Sputnik / Irade JELILAzərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi
Koronavirusdan da təhlükəli: Bu biri heç Çindən də gəlməyib, özümüzünküdür - Sputnik Azərbaycan
Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi

Biz bu xəritəni geoloji xəritələrlə tutuşdurduq. Və müəyyən olundu ki, radon konsentrasiyasının nisbətən yüksək göstəriciləri tektonik qırılmalar olan ərazilər üçün xarakterikdir. Biz bunları İsveçrədə də müzakirə etdik və qərara gəldik ki, isveçrəli həmkarlarımızla yüksək radon konsentrasiyası müşahidə olunan evlərdə radon səviyyəsinin azalması üçün birlikdə çalışaq.

Bizdə olan məlumatlar əsasında Şamaxıda radon səviyyəsi çox olan evlərdən biri seçildi. İsveçrəli əməkdaşlarla birlikdə evin hansı material və üsulla tikildiyini araşdırdıq. Bəzi nöqsanlar aşkar edildi. Sınaq məqsədilə apardığımız tədqiqatlar uğurla nəticələndi və zirzəmidə quraşdırılmış xüsusi ventilyatorun köməyilə otaqlarda radon konsentrasiyası 2 dəfəyə qədər azaldı.

- Radonun hansı fəsadları var?

- Radon ağciyərin bədxassəli törəmələrinin yaranmasının ikinci əsas risk faktoru sayılır. Bizdə kənd yerlərində çox zaman bütün otaqlar qızdırılmır.  Bir otaq qızıdırılır, hamı o otağa yığılır və bu otaqda da adətən qapı-pəncərə açılmır ki, bu da otaqda radon konsentrasiyasının artmasına gətirib çıxarır. Azərbaycanda radon səviyyəsini daha dərindən öyrənilməsi tələb olunur. Bəzən olur ki, iki yanbayan kəndlərdə belə radon səviyyəsi bir kənddə çox, digərində isə az olur. Biz bu işi  araşdırmağa başladıq. Ancaq maliyyə tələb edən iş olduğu üçün davam edə bilmədik.

- Çingiz müəllim, radonun qəbul edilmiş norması nə qədərdir? Yəni, hansı həddi keçəndən sonra  demək olar ki, radon çoxdur?

- Azərbaycan hazırda Rusiyada qəbul edilmiş normalarla çalışır. Ancaq  gərək ölkəmizə uyğun norma müəyyən edilsin. Bu, Rusiyada  köhnə binalarda 200 Bk/mᶾ, yeni binalarda isə 100 Bk/mᶾ-dir. 

© Sputnik / Irade JELILAzərbaycanda palçıq vulkanlarının yayılması xəritəsi
Koronavirusdan da təhlükəli: Bu biri heç Çindən də gəlməyib, özümüzünküdür - Sputnik Azərbaycan
Azərbaycanda palçıq vulkanlarının yayılması xəritəsi

- Evdə, mənzildə radon səviyyəsinin az olması üçün nə etmək lazımdır?

- İlk növbədə tikinti başlayanda onun yerini, geoloji quruluşunu öyrənmək lazımdır. Eyni zamanda tikinti zamanı istifadə edilən materialların sertifikatı olmalıdır, çünki radon tikinti materiallarında olan radioaktiv elementlərin parçalanması zamanı da əmələ gəlir və mənzillərin havasının radioaktiv çirklənməsinə gətirib çıxarır. İsveçrə təcrübəsi belədir ki, kim ev almaq istəyirsə, şəhər meriyasına müraciət edir. Yoxlama aparılır, alınacaq evə cihaz qoyulur.  Xüsusilə qeyd etmək lazımdır ki, torpaq qatında qırılma olan ərazilərdə radon nisbətən daha yüksək olur. Azərbaycanda məktəblər, uşaq bağçaları, universitetlərdə də radon yoxlaması keçirilsə yaxşı olar. Biz öz təkliflərimizi vermişik ki, bu işin davamı olsun. Hətta bununla bağlı Nazirlər Kabietinə də müraciət etmişik ki, gələcəkdə yeni binalar tikilən zaman bu məsələyə diqqət yetirilsin.

- Radon qazına, yəni radiasiyaya məruz qalmamaq üçün nə etmək lazımdır?

- Tez-tez evlərin havası dəyişdirilməlidir.  Bir də ən önəmlisi ev tikilən zaman  əraziyə diqqət etmək lazımdır. Bizə müraciət etsinlər, biz əraziyə baxış keçirək və kömək edək.

- Radiasiya mutasiyaya səbəb ola bilərmi?

- Radiasiyanın insana təsirləri fərqlidir. Məsələn, Yaponiyanın Hirosima və Naqasaki şəhərlərindəki radioaktiv partlayış insan və bitki mutasiyasına səbəb olmuşdu. Amma bəzi ədəbiyyatlara görə, radiasiya gendə qalır və insanın özündə olmasa da, 3-4 nəsil sonra özünü göstərə bilir.

© Sputnik / Irade JELILAzərbaycan Respublikasının Geoloji Xəritəsi
Koronavirusdan da təhlükəli: Bu biri heç Çindən də gəlməyib, özümüzünküdür - Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Geoloji Xəritəsi

Genin mutasiyaya uğrayıb dəyişməsi radiasiyanın səviyyəsindən asılıdır. Amma radiasiyanın zərəri qədər xeyri də var. Dünyada aparılan son tədqiqatların nəticələrinə əsasən aşağı və orta dozalarda radiasiya insan orqanizminə müsbət təsir edir və orqanizmdə gedən bir sıra prosesləri stimulyasiya edir.

- Bəs cənub bölgəsində apardığınız araşdırma nə ilə nəticələndi?

- Bildiyiniz kimi, cənub bölgəsində yaşayan insanlar nisbətən uzunömürlü olur. Biz çalışdıq ki, həkimlərlə birgə gedib bunu araşdıraq. Tədqiqatlar nəticəsində regionda radiasiyanın monitorinqi aparıldı və müəyyən olundu ki, cənub zonasında radiasiya normadan bir az artıqdır. Bundan başqa cənub bölgəsində radiometrik, tibbi-bioloji və tibbi-sosioloji tədqiqatlar da aparıldı və müəyyən ilkin nəticələr əldə olundu. Amma təəssüflər olsun ki, bizə qoyulan vaxt bitdiyindən işi yekunlaşdıra bilmədik.

Xəbər lenti
0