BAKI, 5 fevral — Sputnik. Fevralın 9-da Azərbaycan Dövlət Teatr Xadimlərinin Mədəniyyət Evində rəqs üzrə açıq statuslu Bakı çempionatı keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, tədbir Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası, həmçinin "Jam Group Production"-ın dəstəyi ilə təşkil edilib. Yarış bu yaş qrupundan olan şəxslər arasında keçiriləcək: aşağı yaş qrupu (altı yaşadək), 7-10 yaşlı uşaqlar, yeniyetmələr (11- 15 yaş), gənclər (16 və yuxarı).
Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, hind və solo rəqslər nümayiş olunacaq.
"Yarışın keçirilməsində əsas məqsəd ictimai və akademik rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Bununla yanaşı, həmin rəqqaslar gələcəkdə Azərbaycanı dünya və Avropa çempionatlarında təqdim edib ölkəmizin adını zirvələrə qaldıra bilərlər", - deyə Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov bildirib.
Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.
Sputnik Azərbaycan layihənin informasiya tərəfdaşıdır.