CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəli gölündə zəlil vəziyyət – Amma yenə də günahkarlar yoxdur

© Sputnik / Irade JELILZəli gölünün ətrafı
Zəli gölünün ətrafı - Sputnik Azərbaycan
Abunə olmaq
Çox zaman evlər yay fəslində tikildiyi üçün vətəndaş qışda evin nəm, rütubətli ola biləcəyini, evin içinə su yığılacağını, çökmək təhlükəsi ilə üzləşəcəyini bilmir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 fevral — Sputnik. Zəli gölü deyəndə insanların ağlına ilk növbədə Göygöl rayonundakı məşhur göl düşür. Amma ölkədə başqa bir belə göl də var – Masazır qəsəbəsindəki Zəli gölü.

Gölün tarixi çox da uzağa gedib çıxmır. Masazır sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, keçən əsrdə bu ərazilərdə yaşayış olmadığı vaxtlarda göl süni şəkildə yaradılıb. Ərazidə çoxlu zəli olduğu üçün elə gölün də adı belə adlanıb.

Kənd sakini Əli İbrahimovun sözlərinə görə, keçən əsrdə bütün bu ərazilər kənd təsərrüfatı təyinatlı ərazilər olub: "Mənim indi 73 yaşım var. Yadıma gəlir ki, uşaq olanda bu ərazilərdə heyvan otarar, əkin əkərdik. Həmin dövrlərdə elə azadlıq vardı ki, heç kim torpağı götürməyi, hasara almağı ağlına da gətirmirdi. Torpaqlar hamının idi".

© Sputnik / Irade JELILKeçən əsrdə bütün bu ərazilər kənd təsərrüfatı təyinatlı ərazilər olub
Zəli gölündə zəlil vəziyyət – Amma yenə də günahkarlar yoxdur - Sputnik Azərbaycan
Keçən əsrdə bütün bu ərazilər kənd təsərrüfatı təyinatlı ərazilər olub

Kənd sakini bildirir ki, göl süni surətdə yaradılıb. Yəni ərazi çökək olub, çobanlarda bütün su arxlarını gölə açıb ki, heyvanların suvarılması üçün su yığılsın.

"Göl heyvanların suvarılması üçün istifadə edilirdi. Əvvəllər nisbətən çökək olan əraziyə qrunt suları, yağış suları yığılırdı. Sonradan ərazidə evlər tikilməyə başladı. İndi artıq kanalizasiya suları da bu gölə axıdılır. Ona görə də gölün suyu heyvanlar üçün də təhlükəli ola bilər", – deyə sakin qeyd edir.

Ə.İbrahimov bildirir ki, 70-80 il əvvəl bu ərazilər çöllük olub. Ancaq məcburi köçkünlər Bakıya gəldikdən sonra burada yaşayış məntəqələri salınıb. Başqa ərazilərdə torpaq nisbətən baha olduğu üçün imkanı az olanlar burada torpaq əldə ediblər.

© Sputnik / Irade JELILZəli gölünün ətrafı
Zəli gölündə zəlil vəziyyət – Amma yenə də günahkarlar yoxdur - Sputnik Azərbaycan
Zəli gölünün ətrafı

Onun sözlərinə görə, yeni tikilən evlərin çoxu "makler"lər tərəfindən tikilib satılır. Düzdür, torpaqların çıxarışı var. Amma həmin çıxarışlar kənd təsərrüfatı təyinatlıdır və orada ev tikmək olmaz. Vətəndaşlar isə bunu çox zaman anlamır, gəlib belə evləri alırlar.

Kənd sakini həmçinin bildirir ki, gölün yaxınlığında olan evlərdə çat əmələ gəlməsi torpağın yaş olması ilə bağlıdır.

"Yağış suları, qrunt suları torpağa hopur. Torpaq doyur, palçığa çevrilir. Sonradan nə qədər dərin özül qazansan da torpaq sürüşəcək. Məsələn, palçıq bir yerdə qalmadığı, axdığı kimi, torpaq da doyur və o hala düşür. Yayda nisbətən torpaq quruyur", – Ə.İbrahimov deyir.

© Sputnik / Irade JELILGölün yaxınlığında olan evlərdə çat əmələ gəlməsi torpağın yaş olması ilə bağlıdır
Zəli gölündə zəlil vəziyyət – Amma yenə də günahkarlar yoxdur - Sputnik Azərbaycan
Gölün yaxınlığında olan evlərdə çat əmələ gəlməsi torpağın yaş olması ilə bağlıdır

Onun sözlərinə görə, çox zaman evlər yay fəslində tikildiyi üçün vətəndaş qışda evin nəm, rütubətli ola biləcəyini, evin içinə su yığılacağını, çökmək təhlükəsi ilə üzləşəcəyini bilmir.

Onun sözlərinə görə, aidiyyəti qurumlar buna diqqət yetirməli, təhlükəli ərazilərdə, kənd təsərrüfatı təyinatlı ərazilərdə evlər tikilməsinə icazə verilməməlidir.

Hazırda Zəli gölü ətrafında onlarla qəzalı ev var. Hər il payız-qış aylarında eyni vəziyyət təkrarlanır. Sürüşmə, çökmə, çatlar, dağıntılar. Sakinlər ümidsiz vəziyyətdədir. Həmişə belə hallarda olduğu kimi, günahkarın kim olduğu bilinmir.

© Sputnik / Irade JELILZəli gölünün ətrafı
Zəli gölündə zəlil vəziyyət – Amma yenə də günahkarlar yoxdur - Sputnik Azərbaycan
Zəli gölünün ətrafı

Qeyd edək ki, bu gün təkcə paytaxt ərazisində 500 mindən çox sənədsiz ev var.

Ölkə başçısı bir müddət öncə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırıq verib. Amma bəzi ərazilər – yüksək gərginlikli elektrik xətlərinin altında, yüksək təzyiqli su və qaz borularının yaxınlığında, neftlə çirkləndirilmiş və kənd təsərrüfatı təyinatlı ərazilər var ki, onların sənədləşdirilməsi mümkün deyil. Bu evlərin sahiblərinin kompensasiya ilə təmin edilib evlərin sökülməsi isə dövlət büdcəsinə çox yüksək zərərin vurulması deməkdir.

Xəbər lenti
0