BAKI, 4 fevral — Sputnik. 2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. Həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Ümumdünya Xərçəng Günü olması ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi məlumat paylaşıb:
Xərçəng orqanizmin hər hansı hissəsində özünü büruzə verən yüzdən çox xəstəliyin ümumi əlaməti ola bilər. Xərçəngin tipik əlamətlərindən biri anomal hüceyrələrin sürətlə inkişaf edərək öz əhatə dairəsini genişləndirməsidir. Həmin proses metastaz adlanır və xərçəngdən ölümün əsas səbəbi sayılır.
Xərçəng xəstəliklərinin yaranma səbəblərini hələ ki, müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olur. İlkin mərhələlərdə xərçəng şişinin aşkar edilməsi onun uğurlu şəkildə müalicə edilməsini mümkün edir. Lakin mütəxəssislər onu da xəbərdarlıq edirlər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. İlk növbədə, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan tütün tüstüsünün tərkibində olan kansoregen maddələrdən uzaq olmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir.
2019-2021 illərdə Dünya Xərçəngə Qarşı Mübarizə Günü "Mən varam və olacağam" şüarı altında keçirilir.