Nədənsə zökəm, yəni qrip, çox da əhəmiyyətli xəstəlik hesab edilmir. “Əşi, dərmanlı-dərmansız bir həftəyə keçəcək” deyib, üstündən keçirik. Amma bir həftə olmur, heç bir ay da olmur. Hər il qrip ötən ilkindən daha ağır keçir və fəsadları hələ bir neçə ay hiss edilir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da qripə qarşı ilk yardımçı məhz peyvənd hesab edilir. Amma bu peyvəndlər dövlət proqramına daxil deyil, yalnız fərdi şəkildə özəl xəstəxanalarda etdirilir. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının dediyinə görə, hər il iki dəfə ÜST qrip peyvəndləri ilə əlaqədar olaraq ekspert komitəsi yığır və o il bütün dünyada hansı qrip viruslarının tüğyan etməsindən asılı olaraq, gələn il üçün peyvənd ilə əlaqədar tövsiyələrini irəli sürürlər.
“Biz bu ilə baxıb gələn il üçün planlaşdırdığımıza görə bəzi illərdə 80-85%-lik təsirlilik əldə etdiyimiz hallarda, digərlərində bu peyvəndlər yalnız 50-60% qoruya bilir. Bu peyvəndlərin tamamilə könüllü əsaslarda edilməsinə baxmayaraq, elə qruplar var ki, biz onların peyvənd elətdirməsini dönə-dönə tövsiyə edirik”, - deyə Hande xanım bizimlə bölüşüb.
Dünya həkimlərinin də peyvəndin təsirli olmasını təsdiqləməsinə baxmayaraq, əhalimiz arasında onlara inam o qədər də güclü deyil. Bir çoxu hesab edir ki, bu cür viruslarla bədən özü mübarizə aparmalıdır.
Bu mübarizədə ən böyük faktorlardan biri də hava şəraitidir. Bəs qış özünü heç də qış kimi aparmayanda necə olmalı? Ən maraqlısı odur ki, bizi ən çox qoruyan ən bəsit gigiyenik qaydalara riayət etməkdir.
Təbii ki, peyvənd elətdirib-elətdirməmək hər birimizin şəxsi qərarıdır. Biz isə sizə xəstələnməməyi arzu edirik.