BAKI, 3 fevral — Sputnik. İtaliya parlamenti senatının sədr müavini İnyatsio La Russa bazar günü Twitter-də məlumat yayaraq vətəndaşlara koronavirusa yoluxmamaq üçün əl tutuşaraq görüşmək əvəzinə bir-birini Roma üsulu ilə salamlamağı tövsiyə edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bir qədər sonra o, paylaşımını silib.
"Heç kimin əlini sıxmayın, yoluxma ölümcüldür. Antivirus və mikrobəleyhinə vasitə kimi "Roma salyutundan" istifadə edin", - "İtaliyanın qardaşları" sağçı partiyasının məşhur xadimi öz mikrobloqunda yazmışdı.
Hesab edilir ki, sağ əli yerə paralel olaraq irəli uzadıb salamlaşma hələ Qədim Roma dövründə istifadə olunub. Amma onun dəqiq təsviri yoxdur, elə antik dövrün şəkillərində də görünüşü şərtidir. Buna rəğmən, Benito Mussolininin təşəbbüsü ilə bu cür salamlaşma faşist partiyasının üzvləri tərəfindən imperiya ənənələrinin bərpa olunmasının şərəfinə istifadə olunurdu. Bu cür salamlaşma sonradan faşist Almaniyasında, frankist İspaniyasında da məşhurlaşdı.
Bu faktları sosial şəbəkələrinin italiyalı istifadəçiləri dərhal La Russanın yadına salıblar. Onların mövqeyini hakim Demokratlar partiyasından olan deputat Emanuele Fiano da dəstəkləyib.
"Senatın sədr müavininin artıq bütün dünyanı narahat edən, ölüm və həyəcan doğuran bir virusa belə lağ eləməsi utandırır", - Fiano yazıb. Deputat həmçinin xatırladıb ki, faşistlərin və nasistlərin istifadə etdikləri salamlaşma İtaliyada qanunla qadağandır.