BAKI, 3 fevral — Sputnik. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, əməliyyat zamanı Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş qəsəbə sakini Tural Vəliyev və tanışı paytaxt sakini Bahadır Kərimov tutulublar.
Polis Şöbəsində onların üzərində şəxsi axtarış aparılan zaman B.Kərimovdan 0,246 qram psixotrop maddə metamfetamin, T.Vəliyevdən isə 2,512 qram heroin və 0,165 qram metamfetamin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq T.Vəliyevin qəsəbə ərazisində yerləşən evinin yaxınlığında yarımtikilidə gizlətdiyi 1 kiloqram 700 qram heroin də aşkar olunaraq polislər tərəfindən götürülüb. Saxlanılan şəxslər Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.
Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nə göndərilib, istintaq tədbirləri davam etdirilir.