BAKI, 2 fevral — Sputnik. Qarabağda ölən əsgər Vaqram Avakyanın qohumları Yerevana yürüş edirlər. Sputnik Ermənistan bildirir ki, onlar əsgərin meyitinin içində olduğu tabutu da özləri ilə paytaxta aparırlar.
Rəsmi məlumatda 2000-ci il təvəllüdlü Vaqram Avakyanın yanvarın 30-u saat 13:15-də tabeliyində olan avtomat silahdan öz sinəsinə atəş açdığı, 14:00-da isə çatdırıldığı hospitalda öldüyü bildirilir.
Onun qohumları bildiriblər ki, hərbçinin ölümünün təfərrüatı aydınlaşmayanadək onu basdırmaycaqlar. İstintaqın özünəqəsd versiyası ilə Avakyanın qohumları razı deyillər.
Hərbçinin qardaşı Vahan Avakyan bildirib ki, polislər Eçmiədzinə gedən yolu bağlayıb, yürüşçüləri buraxmırlar, amma onlar Yerevana getməkdə qərarlıdırlar. Sonra nə edəcəklərinə onlar paytaxtda qərar verəcəklər. Vahan Avakyan deyir ki, ölümün obyektiv araşdırılmasını istəyirlər.
Ermənistanın Müdafiə naziri David Tonoyan etiraz edənlərlə görüşüb və istintaqı şərh edərkən: "Bu hamımız üçün şərəf məsələsidir", - deyib. O, əsgərin qohumlarına istintaq orqanlarının nümayəndələri ilə görüşməyi təklif edib.