İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 2 fevral — Sputnik. Ölkəmizin hər bucağı bir tarixi yaşadır. Hər el, hər oba özünəməxsus əfsanəsi, dildən-dilə söylənən maraqlı hekayələri ilə məşhurdur. Qazax rayonunun Dəmirçilər kəndi ərazisində yerləşən Yeddiqardaş abidəsi haqqında əfsanə də yüz illərdir dolaşır. Təpənin zirvəsində bir-birinə sığınan sal daşlar diqqəti hələ uzaqdan özünə cəlb edir. Əsrarəngiz məkanı yerli sakinlər Yeddi qardaş və ya Yeddi daş adlandırırlar. İnsanlar buraya ziyarətə gəlir, şam yandırıb daşların üstünə qoyub niyyət edirlər.
Kənd sakinlərinin bildirdiyinə görə, bir vaxtlar burada bütöv halda 7 nəhəng daş olub. Bəzisi sonradan parçalanaraq yamaca kimi dağılıb. Sakinlərin danışdığı əfsanəyə görə, qədim zamanlarda düşmən hücumuna məruz qalan 7 qardaş bu təpəyə sığınıb. Düşmənin çox olduğunu görən qardaşlar əsir düşməmək üçün Allaha yalvararaq onları daşa döndərməsi üçün dua ediblər. Bundan sonra onlar daşa çevrilib və Yeddi daş, Yeddi qardaş abidəsi yaranıb.
Kəndin tarix müəllimi Mirzəli Abbasov Sputnik Azərbaycan-a ərazinin daha qədim tarix yaşatdığını deyib. O, daşların düzülüşünə görə ərazidə siklopik tikili qalıqları olduğunu ehtimal etdiyini söyləyib: “Bura sanki təbiətin yaratdığı bir səngərdir, qaladır. Lakin diqqətlə baxıldıqda buranın insan əliylə hörüldüyünü görmək mümkündür. Böyük daş parçalarının düzülüşü, onların arasına qoyulan xırda daşlar buranın sadəcə daş yığnağı deyil, bir tikili olduğunu aydın göstərir. Ehtimal var ki, burada daş dövrünə aid siklopik tikili olub. Bir tarixçi kimi deyə bilərəm ki, Yeddi daşda insanlar çox qədim zamandan yaşayıblar".
M.Abbasovun fikrincə, burada qədim bir abidə yatır. Tarixini üzə çıxarmaq üçün Yeddi daşda araşdırmaya ehtiyac var. Bu araşdırma ərazidə kənd turizminin inkişafına da yaxşı töhfə verə bilər.