BAKI, 2 fevral — Sputnik. Almaniyanın Ürək Xəstəlikləri Fondunun (Deutsche Herzstiftung) kardioloqları "Focus.de" nəşrinə müsahibəsində xəbərdarlıq ediblər ki, ayaqlarda baş verən ağrılar ürəktutma riskinin yüksəlməsinə işarə edə bilər. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Həkimlər bildiriblər ki, gəzinti zamanı baldırlarda baş verən ağrılar endarteriyanın və ya "vitrin xəstəliyi"nin (insan küçədə tez-tez dayanır və ya özünü vitrindəki məhsullara baxırmış kimi aparır) simptomudur.
Bundan əlavə, həkimlər qeyd edirlər ki, narahatlıq özünü insan uzanıqlı vəziyyətdə olanda barmaqlar ətrafında baş verən ağrı ilə də büruzə verir. Bu ağrılar insan ayağa duranda keçir.
Kardioloqlar izah ediblər ki, bu simptomlar aşağı ətraflarda olan damarlarda aterosklerozdan xəbər verir. Bu simptomlar meydana gəldikdə ürəyin müayinədən keçirilməsi məsləhət görülür. Bununla da miokard infarktının qarşısını almaq olar.
Ateroskleroz – arteriyaların daralması və onlarda qan dövranın pisləşdiyi xroniki xəstəlikdir. Nəticədə insan orqanizmində hüceyrə və toxumalarda qan dövranı pozulur.