BAKI, 31 yanvar — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən 31 yanvar 2020-ci il tarixində gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.
Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur.
Buna səbəb son iki gün ərzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz dumanının daxil olmasıdır. Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur.
Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.