Avropa çempionatlarının top-5 final oyunu

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidФернандо Торрес и Джанлуиджи Буффон
Фернандо Торрес и Джанлуиджи Буффон - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə Avropa çempionatlarında "sosialist" finalı, ən gözlənilməz çempion, ilk penaltilər seriyası və bu kimi digər maraqlı faktlar haqqında məqaləmizdən öyrənə bilərsiniz.

Futbol üzrə Avropa çempionu adı uğrunda ən qeyri-adi və yaddaqalan oyunların beşliyini diqqətinizə çatdırırıq.

1960-cı ilin "Sosialist" finalı

Tarixdə ilk AVRO rəsmi olaraq Avropa Millətlər Kuboku adlanırdı, turnirin finalında isə cəmi dörd yığma komanda iştirak edirdi. Həlledici matçda iki sosialist ölkəsinin – SSRİ və Yuqoslaviyanın milli komandaları qarşılaşırdılar.

Həmin turnirdə hər şey ilk dəfə baş verirdi, finalın özü isə çox qızğın alındı. Başlanğıc fitindən bir neçə saat əvvəl başlamış yağış da oyuna öz təsirini göstərirdi. Buna baxmayaraq, hava şəraiti hər iki komandanın mübarizəyə kökləndiyini və qələbə iradəsini nümayiş etdirməsinə mane olmadı. Fasilədən əvvəl yuqoslaviyalılar hesabda irəli çıxdılar, lakin ikinci hissənin başlamasından az sonra Slava Metreveli hesabı bərabərləşdirdi və əlavə vaxtda Viktor Ponedelnik ikinci dəfə rəqibin qapısına qol vuraraq SSRİ yığmasına ilk Avropa çempionu adını gətirdi.

Fransanın "L'Equipe" qəzeti matçdan sonra yazırdı: "Tamaşaçıları ilk dəqiqələrdən həyəcan və çox gərgin mübarizə gözləyirdi. Mübarizədən gözünü ayırmaq çətin idi və oyun böyük həyəcan və gərginlik hissləri yaradırdı. Hər kəs üçün aydın oldu ki, Avropa kubokunun final matçı elə belə də olmalıdır. Sovet və yuqoslaviyalı oyunçular öz idman borclarını yerinə yetirdilər. Onlar lap əvvəldən real oyun nümayiş etdirdilər".

1968-ci ilin təkrar finalı

İtaliyada keçirilmiş Avropa çempionatı zamanı tarixdə ilk dəfə olaraq Köhnə Dünyanın ən güclü yığmasının müəyyənləşdirilmək üçün iki görüş keçirmək lazım gəldi. Həmin dövrdə oyunsonrası penaltilər seriyası hələ reqlamentə yox idi, buna görə də heç-heçə nəticə halında komandaları təkrar oyun gözləyirdi. Özü də bu, məhz finallara aid idi.

Maraqlıdır ki, bu dəfə də həlledici matçda SSRİ və Yuqoslaviya yığmaları yenidən qarşılaşa bilərdilər, lakin buna püşkatma mane oldu. Yarımfinalda sovet futbolçuları turnirin ev sahibləri ilə heç-heçə oynamışdılar, lakin finalçının müəyyənləşdirilməsi üçün təkrar oyun keçirilmədi və əvəzində püşkatmaya etibar etdilər. Püşkatmada SSRİ yığmasının kapitanı Albert Şesternyovun bəxti gətirmədi və italiyalılar növbəti mərhələyə keçdilər.

"Anri Delone Kuboku" uğrunda matçda "skuadra adzurra" yuqoslaviyalılarla qarşılaşırdı. İlk görüş iyunun 8-də keçirildi və 1:1 hesabı ilə yekunlaşdı. İyunun 10-da baş tutmuş təkrar oyunda isə italiyalılar 2:0 hesabı ilə qalib gəldilər.

İlk penaltilər seriyası, 1976-cı il

60-70-ci illərdə Şərqi Avropa yığmalarının hər biri nəhəng bir qüvvə idi. Buna görə də qitə birinciliyinin finalları əsasən bu komandaların iştirakı ilə keçirdi. 1976-cı ildə Yuqoslaviyada keçirilmiş AVRO-da da bu belə oldu. Gözləntilərin əksinə olaraq, turnirin ev sahibləri finala çıxa bilmədilər. Lakin Şərqi Avropa məktəbinin adını Çexoslovakiya yığması qorudu.

Həlledici matçda Çexoslovakiyanın rəqibi Frans Bekkenbauerin liderlik etdiyi Almaniya yığması idi. Lakin artıq 25-ci dəqiqədə almanlar 0:2 hesabı ilə geridə idilər. Almaniya yığması inanılmaz səyləri bahasına ikinci yarının bitməsinə bir neçə saniyə qalmış hesabı bərabərləşdirə bildi. Əlavə vaxtda isə hesab dəyişmədi. Komandaları penaltilər seriyası gözləyirdi.

Bundan əvvəl Avropa çempionu heç vaxt bu üsulla müəyyənləşməmişdi – bəlkə də bu səbəbdən "Bavariya"nın gələcək prezidenti Uli Hönnes öz penalti cəhdini reallaşdıra bilmədi. Titulun taleyi çexoslovakiyalıların bir zərbəsindən asılı idi – vurduqları qol onlara qələbə gətirə bilərdi. Və həmin an topa Antonin Panenka yaxınlaşdı... bir saniyə sonra Avropanın yeni çempionu bəlli oldu və futbolda isə yeni 11 metrlik zərbə vurmaq üslubu yarandı.

Ən gözlənilməz çempion, 1992-ci il

Danimarkalılar ümumiyyətlə AVRO-92-yə düşə bilməmişdilər və buna görə də tətilə yollanmışdılar. Lakin Yuqoslaviya millisinin siyasi səbəblərdən diskvalifikasiya olunması Peter Şmeyxelə və onun komanda yoldaşlarına dünya idmanında ən gözəl hekayələrdən birini yazmağa imkan verdi.

Danimarkalılar çətin qrupa düşdülər – ev sahibi isveçlilər, AVRO-84-ün çempionları fransızlar və futbolun baniləri hesab edilən ingilislər onları bu qrupda gözləyirdilər. Gözlənilmədən hər iki Skandinaviya yığması yarımfinala yollandı, lakin isveçlilər güclü almanlara məğlub oldular, Danimarka isə penaltilər seriyasında almanlardan geri qalmayan Niderland yığmasını üstələdi.

Bütün bunlar danimarkalıların yarımmüdafiəçisi Kim Vilfortun kiçik qızının onkoloji xəstəliklə mübarizə aparması xəbərinin fonunda baş verirdi. Xavbek ailəsi ilə birlikdə olmaq üçün hətta yığmanı da tərk etmişdi, lakin oyunçunun həyat yoldaşı onu komandaya qayıtmağa və ona bacardığı hər şeylə kömək etməyə razı sala bilmişdi.

Kim geri döndü və finalda komandasının ikinci qolunu vurdu. Danimarkanın ilk qolundan sonra almanların təşkil etdiyi hücum dalğalarını qapıçı Şmeyxel inamlı oyunu ilə dəf edirdi. Vilfortun vurduğu dəqiq zərbə ilə hesabı 2:0 etməsi "alman maşını" tamamilə ümidlərindən məhrum etdi.

Finalda ən böyük hesablı qələbə, 2012-ci il

Həlledici matçlarda nadir hallarda bir komanda digərindən böyük üstünlüyə malik olur. AVRO-72 uzun müddət buna istisna hal olub. Belə ki, həmin turnir zamanı Almaniya yığması SSRİ komandasını 3:0 hesabı ilə məğlub edib. Deyilənə görə, almanlar layiqincə qalib gəlmişdilər və nəticə tamamilə oyunun gedişinə uyğun idi.

40 il sonra Almaniya yığmasının bu nailiyyətini Avropanın ən güclü komandasının adını müdafiə etmək üçün Polşa və Ukraynaya gəlmiş ispanlar kölgədə qoydular.

"Qırmızı furiya" fasiləyə qədər 2:0 hesabı ilə öndə idi. Üstəlik italyanlar birinci hissənin ortalarında aparıcı müdafiəçilərdən biri olan Corcio Kiellinini zədə səbəbindən Federiko Baltsaretti ilə əvəz etmişdilər. İkinci hissənin əvvəlində italiyalıların məşqçi qərargahı daha bir əvəzləməni həyata keçirdi. 10 dəqiqə sonra isə üçüncü əvəzləmə baş tutdu. Lakin meydana çıxmış Tiago Motta da tezliklə zədələndi və görüşü davam etdirə bilmədi.

"Skuadra adzurra"nın bütün əvəzetmə imkanları tükəndiyindən, italiyalılar oyunu 10 nəfərlə oynamağa məcbur qaldılar. Texnikalı və sürətli ispaniyalılar say üstünlüyündən tam yararlanıb, daha iki dəfə qol vurdular və ardıcıl olaraq ikinci dəfə Avropa çempionatının qalibi olmuş ilk komandaya çevrildilər.

Xəbər lenti
0