BAKI, 29 yanvar — Sputnik. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirusa ilk yoluxma faktı qeyd alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi yanvarın 29-da yaydığı bəyanatda bildirib.
Məlumatda deyilir ki, Uhandan BƏƏ-yə səyahət edən ailənin bu virusa yoluxduğu aşkar edilib. Nazirlik qeyd edib ki, yoluxmuş şəxslərin vəziyyəti stabildir və onlar artıq tibbi nəzarət altındadırlar.
Xatırladaq ki, Çinin Uhan şəhərində meydana gəlmiş yeni koronavirus indiyədək 132 nəfərin ölümünə səbəb olub. Bundan başqa dünya üzrə 6 minə yaxın insanın bu ölümcül virusa yoluxduğu iddia edilir.
Bu virusla yoluxma faktları Çindən başqa bir çox ətraf ölkələrdə, eləcə də Fransada, Almaniyada və ABŞ-da qeydə alınıb.
Çin epidemiyanın qarşısını almaq üçün artıq paytaxt Pekin də daxil olmaqla bir sıra böyük şəhərlərə giriş-çıxışı bağlayıb.