BAKI, 29 yanvar — Sputnik. "Avast Software" şirkəti məşhur "Avast" antivirus proqramının milyonlarla istifadəçisinin şəxsi məlumatlarını toplayaraq satıb.
Sputnik Azərbaycan "Motherboard" və "PCMag" nəşrlərinin birgə araşdırmasına istinadən xəbər verir ki, "Google", "Yelp", "Microsoft", "McKinsey", "Pepsi", "Sephora", "Home Depot" və "Condé Nast" kimi dünyanın ən böyük şirkətləri şəxsi məlumatları alıblar.
Məlumat bazasının alıcıları istifadəçilərin internetdə hərəkətlərini yaxından izləmək imkanı əldə ediblər. "Bütün keçidlər" adlı xidmət ziyarət edilən bütün səhifələr və saytlararası hərəkətlər haqqında məlumat əldə etməyə imkan verib.
"Avast" həmçinin "Google Maps" xidmətinin istifadəçilərinin "GPS" koordinatları, "LinkedIn" şəbəkəsindəki səhifələrə ziyarət tarixi və "YouTube" video paylaşım şəbəkəsində izlənilən video görüntülər barədə məlumatları toplayıb.
Bundan başqa, antivirus proqramının köməyilə toplanmış məlumatları istifadə edərək istifadəçinin hansı saatlarda pornoqrafiya saytlarına daxil olduğu və hansı videoları izlədiyini öyrənmək mümkün olub.
Qeyd olunur ki, "Avast Software" qeyd olunan brauzer məlumatlarını satmaq üçün "Jumpshot" adlı törəmə şirkətindən istifadə edib.
Şirkətin məlumatına görə, onun proqram təminatından hər ay 435 milyonadək insan istifadə edir. "Jumpshot" şirkətinə məxsus məlumatlarda 100 milyon istifadəçinin məlumatlarının toplanıldığı bildirilir.
Satılmış verilənlər bazasında istifadəçilərin adları və ya başqa məlumatları yoxdur. Lakin ekspertlər bildirirlər ki, antivirus proqramının köməyilə toplanmış digər məlumatlar sayəsində bu şəxsi məlumatları da əldə etmək mümkündür.
"Avast" isə məlumatları yalnız istifadəçilərin razılığı ilə topladığını və satdığını deyib. Lakin, jurnalistlər tərəfindən aparılan sorğu istifadəçilərin məlumatlarının satıldığından xəbərsiz olduqlarını göstərib.