BAKI, 29 yanvar — Sputnik. Metronun fasiləsiz işi etibarlı elektrik təchizatı ilə təmin edilir. Elektrik təchizatının dayanıqlığının və etibarlılığının təmin edilməsi işləri daimi olaraq daha geniş planda və sistemli şəkildə davam edir. Bu mənada Bakı metropoliteninin elektrik təchizatı sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində işlər mütəmadi olaraq aparılır. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, “İçərişəhər” alçaldıcı yarımstansiyasının elektrik qurğu və avadanlıqları fiziki və mənəvi cəhətdən köhnəldiyindən onların yeni və müasir qurğu və avadanlıqlarla əvəzlənməsi zərurəti yaranıb. Dövrün tələbləri nəzərə alınaraq, 50 ildən artıq istismarda olan yarımstansiya yenidən qurulmuş, 6 kV-luq komplekt paylayıcı qurğu, 380 V-luq və 220/127V-luq paylayıcı qurğular, 110V-luq sabit cərəyan lövhəsi, akkumulyator qurğuları yenilənib, yarımstansiyanın gücünün artırılması məqsədilə 2 güc (630 kvA), 2 işıqlandırma (400 kvA) və işarəvermə avadanlığının qidalanmasını təmin edən 2 qurğu (63 kvA) olmaqla, 6 ədəd yeni transformator quraşdırılıb.
Yeni quraşdırılan bütün müasir qurğu və avadanlıqlar "Siemens" şirkətinə məxsusdur.
Sistemin eyni şirkətin avadanlıqlarından qurulması onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verir. “Siemens”in nümayəndələri tam şəkildə quraşdırılmış “İçərişəhər” yarımstansiyasının işləri ilə tanış olub, yoxlama aparıb. Yarımstansiya tam gücü ilə işləyir. Onu da qeyd etmək lazımdır ki, yarımstansiyanın mərkəzi SCADA (texnoloji proseslərin yaddaş və məsafədən idarə olunması) sisteminə qoşulması işləri "Siemens" şirkəti tərəfindən yerinə yetirilib. Eləcə də son illərdə bu istiqamətdə mühüm işlər yerinə yetirilib. Ötən iki il ərzində yeni istehsalat və təmir sahələri ilə böyüyən "Nərimanov" elektrik deposunda elektrik təchizatı sistemi yenidən qurulub və iki yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bu işlər bir qədər əvvəl "Sahil", "Gənclik", "Elmlər Akademiyası" elektrik yarımstansiyalarında da aparılıb.