İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 24 yanvar — Sputnik. 90-cı illərin ortalarından başlayaraq kommunal infrastruktur obyektlərinin, xüsusi ilə magistral və məhəllədaxili su kəmərlərinin yerləşdiyi ərazilərdə qeyri-qanuni şəkildə fərdi yaşayış evlərinin və kommersiya obyektlərinin tikintisi başlayıb.
"Azərsu" ASC-nin apardığı araşdırmalara görə, təkcə Bakı şəhərində belə mənzil və obyektlərin sayı minlərlədir.
Belə evlərin əksəriyyəti Biləcəridə yerləşir. Sputnik Azərbaycan xəbər verir ki, bu gün də yüzlərlə ailə su kəmərlərinin üzərində tikilmiş evlərdə yaşayır.
Küçələr darısqal, evlər kiçik və bir tərəfdə də iri həcmli su boruları keçir. Əgər bir gün bu boruların birində qəza baş versə, yəqin ki, yaxınlıqdakı evləri su basar.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda qanunsuz tikililər daha çox Bakı, Gəncə, Sumqayıt şəhərlərində var.
"Bu kimi qanunsuz tikintilərin aparılmasının kökü iki istiqamətə bölünüb. Qanunsuz tikililər əhalinin daha çox sıx olduğu ərazilərdə tikilir. Bu tikililərin tarixi sovet dönəminə və ondan sonrakı vaxta təsadüf edir. Sovet dövründə əhali çox sıx idi deyə bir çox yaşayış məntəqələri özbaşına salınırdı. Həmin dövrlərdə "Kubinka", "Sovetski", "Alatava", Xətai, Sabunçu ərazilərində evlər salınırdı. Buna da göz yumulurdu. Çünki hökumət özü ev tikib verə bilmirdi", - deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, bu artıq böyük bir miqyas almışdı. Keşlə, Yeni Yasamal, NZS, Bibiheybət, 20-ci Sahə, Bayıl həmin dövrlərdə salınmışdı.
E.Azadovun sözlərinə görə, ikinci bum sovet dövründən sonra başlandı. 90-cı illərin əvvələrində Bakıya çox sayda qaçqın və məcburi köçkünlər gəldilər. Onlar da qanunsuz tikintilər inşa etməyə başladılar.
2000-ci ilin əvvəllərində isə Bakı şəhərində bəzi ərazilər bələdiyyələr tərəfindən satılmağa başladı.
"Həmin ərazilər neft kəmərlərinin yaxınlığı, neftlə çirklənmiş, qadağan olunmuş ərazilər idi. Orada yerin altı ilə kommunikasiya xətləri, üstü ilə yüksək gərginlikli naqillər keçirdi. Belə ərazilərdə hər hansı tikintinin aparılması qanunla qadağan idi. Məsələn, mərkəzi qaz xətləri var ki, 30 metrdən yaxın ev tikmək olmaz. Dəmir yollarının 60 metr yaxınlığınadək tikinti aparmaq olmaz", - deyə Azadov vurğulayıb.
Ekspertin fikrincə, bələdiyyə torpaqları bələdiyyələrə veriləndən sonra bu qurumlar öz balansındakı torpaqları satıb qurtardı və sonra digər ərazilərdə olan torpaqların satışına keçdi. Hətta qanunla icazə verilməyən torpaqlar satıldı və tikinti aparıldı.
Elə bu səbəbdən də bu gün Bakı və onun ətrafında 500 mindən çox qanunsuz fərdi evlər salınıb.
Ekspert deyir ki, şəhərsalma və arxitektura üzrə qanunvericiliyə görə, torpaqlar yaşayış, istehsalat təyinatlı və digər təyinatlar üzrə bölünür: "Daha sonra həmin torpaqların istifadəsinə icazə planlama üzrə verilir. Yəni müəyyən planlar üzrə tikintilər inşa edilməlidir. Həmin planda kommunikasiya xətlərinin yeri qeydə alınır və onların icazəsi müvafiq şəhərsalma və yerli icra strukturlarından alınır. Bunlara riayət edilmədiyinə görə tikintilərin çoxu qanunvericiliyin icazə vermədiyi yerlərdə inşa edilir".
Məsələ ilə bağlı Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a bildirib ki, bir neçə il əvvəl qurumun mütəxəssisləri araşdırma aparıblar.
"Azərsu ASC-yə məxsus magistral xətlərin, hidrotexniki qurğuların və digər obyektlərin mühafizə olunan ərazilərində 5000-dən çox ev, sənaye obyekti, kommersiya obyekti aşkar edilib. Bunların 4000-i Bakı şəhərində yerləşir. Biləcəri ərazisində həqiqətən yüksək təzyiqli xətlər var. Həmin xətlər 20-15-10 atmosferə malik xətlərdir. Və onlar bu evlər və obyektlər üçün həqiqətən ciddi təhlükə mənbəyidir. Biləcəri qəsəbəsində bir dəfə qəza olmuşdu. Biz məcbur olub, evin döşəməsini söküb, xətti təmir etdik. Deməli, orada elə bir vəziyyət var ki, xətti kənara çıxarmaq da mümkün deyil. Ətraf tikililər, fərdi yaşayış evləridir. Orada xəttin üzərində, yanında tikilən çox sayda ev var", - deyə o bildirib.
A.Cəbrayıllı bildirib ki, magistral xətlər üzərində, yaxınlığında olan evlər o qədər çoxdur ki, onları məhkəməyə verib, kompensasiya ödənilməsini tələb etmək çox ağır məsələdir. Və bu səbəbdən də hansısa evin sökülməsi gündəmdə deyil: "Yəni biz bu işlərə kütləvi şəkildə getmirik. Ancaq xüsusi bir hal baş verərsə, o zaman biz bu məsələyə baxa bilərik".
Onun sözlərinə görə, son 6-7 ildə qurumun kommunikasiyaya nəzarət şöbəsi ərazilərə nəzarət edir və heç bir tikintinin aparılmasına icazə verilmir.
A.Cəbrayıllı xatırladab ki, ərazidə gələcəkdə qəza baş verərsə, həmin evlərin çox ciddi təhlükə ilə qarşı-qarşıya qalması istisna edilmir: "Bəli, bu gün mühafizə zonasındakı tikililər xətlərdə profilaktika işlərinin aparılmasına imkan vermir, baş verən qəzaların aradan qaldırılmasını çətinləşdirir".
Qurum rəsmisi bir daha qeyd edib ki, magistral su kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi, kommersiya obyekti və ya digər tikilinin inşası yolverilməzdir. Belə ki, fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.