BAKI, 27 yanvar — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektor Cəfər Eyvazov vəzifələrindən azad olunublar. Aydın Kazımzadə Rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.
Ümumi işlər üzrə prorektor vəzifəsinə isə Mahir Hüseynov təyin edilib.
Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı, Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb. Həmin vəzifənin icrası dekan seçkilərinədək müvəqqəti olaraq fakültənin dosenti Çingiz Məmmədova həvalə edilib.
Elmi kitabxananın direktoru Sara İbrahimova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Kitabxananın direktoru vəzifəsinə Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Nigar İsmayılova təyinat alıb.