BAKI, 25 yanvar — Sputnik. Rejissor İmam Həsənov yeni tamaşa üzərində işləyir. Rejissorun Sputnik Azərbaycan-a verdiyi məlumata görə "Arzular Bağı" adlanan tamaşanın premyera günü də məlumdur.
Əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarovun rol aldığı səhnə əsəri 27 yanvarda tamaşaçılara təqdim ediləcək. Tamaşanı izləmək istəyənlər Şuşa Dövlət Musiqili Dram Teatrına üz tutmalı olacaqlar.
İ.Həsənov tamaşa haqqında fikirlərini bölüşüb: “Təsəvvür edin, qapqaranlıq bir otaqdasınız. Təsəvvür etdiniz? Siz nə gördünüz? Heç nə... “Arzular Bağı” da belədir. Qaranlıqdan gəlib, qaranlığa gedər… Dəlixanadan qaçmış iki ruhi xəstə öz arzularını, xəyallarını reallaşdırmaq istəyir. Biz onların gözü ilə uşaqlaşır, böyüyür, evlənir, qocalır və ölürük... Məgər belə xəyallarda yaşayıb ölmək olar?!"
Bir saat davam edən tamaşa tragikomediya janrındadır.
Qeyd edək ki, əsərin müəllifi Pərviz Bəşərdüst, bəstəkarı isə Ayaz Qəmbərlidir. Tamaşa Azərbaycan dilində təqdim ediləcək.