Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 24 yanvar — Sputnik. Bu yaxınlarda Vergilər nazirinin müavini Sahib Ələkbərov "Binə" və "Sədərək" ticarət mərkəzlərində nəzarət-kassa aparatlarının və POS-terminalların quraşdırılması ilə bağlı hansısa bir iş görməyin mümkün olmadığını söyləyib: "Həm Vergilər Nazirliyi, həm də Dövlət Gömrük Komitəsi ticarət mərkəzlərindəki dövriyyənin rəsmiləşdirilməsi ilə bağlı xeyli iş görüb və bu gün də görməkdədir.
Ekspertlər "Binə" və "Sədərək" ticarət mərkəzlərində nəzarət-kassa aparatlarının və POS-terminalların quraşdırılması məsələsinə münasibət bildiriblər.
İqtisadçı-ekspert Anar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, son vaxtlar gömrükdə ciddi nəzarət tədbirləri görülür:
"İnhisarçılıq aradan qaldırılıb, bütün sahibkarlara xaricdən mal gətirmək üçün imkanlar yaradılıb. Bu imkanların yaradılmasına baxmayaraq, yenə də bəzi sahibkarlar karqo şirkətlərin adına malları gətirir və onların adına malları rəsmiləşdirirlər, öz adlarına deyil. Yəni bəzi sahibkarlar öz adlarına mal gətirmirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var".
Onun sözlərinə görə, birinci səbəb bəzi sahibkarlar üçün bu formada mal gətirməyin daha rahat olmasıdır: "İkincisi, bizim sahibkarlar xaricdən malları konkret bir şəxsdən, konkret bir şirkətdən, zavoddan almırlar, yəni malları müxtəlif yerlərdən pərakəndə şəkildə alırlar. Bu zaman malı gömrükdə öz adına rəsmiləşdirə bilmir və onu karqo şirkətinin adına vurmağa məcbur olurlar. Və bu zəncirin son nöqtəsi də ona gəlib çıxır ki, burada mallarını rəsmi şəkildə sata bilmirlər".
Ekspert bildirib ki, amma xaricdən malları öz adına gətirən şəxslər isə mütləq satışlarını rəsmi qaydada etməlidirlər: "Əgər satışlarını rəsmi qaydada etməsələr, vergi ödəyicisinin adında mal qalığı görünür. Amma istənilən halda, hətta malların alış sənədləri, mədaxili təsdiq edən sənədlər olmasa belə, həmin malların satışı yeni nəsil kassa aparatları ilə rəsmiləşdirilməlidir. Mədaxili təsdiq edən sənəd yoxdursa, bu, o demək deyil ki, sahibkar satışı qeyri-rəsmi etməli, yəni qanunvericiliyin tələblərinə uyğun olaraq satışı kassa aparatı ilə qeydiyyatdan keçirməməlidir. Əgər sahibkarın əlində rəsmi alınmayan mal varsa, onun satışı POS-terminal və yaxud nəzarət kassa aparatı ilə olsun, alışı ilə bağlı sonradan digər tədbirlər görülə bilər".
Bu taksilərdə sərnişinlər ödənişi POS-terminallar vasitəsilə ödəyə biləcəklər>>
""Binə" və "Sədərək" ticarət mərkəzlərində təxminən 50 faiz pərakəndə satışdır, 50 faiz də elektron qaimə ilə digər vergi ödəyicilərinə satışdır. Bakıda və bölgələrdə ticarətlə məşğul olan şəxslər malları bu ticarət mərkəzlərindən alırlar. Əgər mal digər vergi ödəyicisinə satılırsa, elektron qaimə ilə satılmalıdır. Malların alışını təsdiq edən sənədin olmaması onun satışının da qeyri-rəsmi olması üçün əsas ola bilməz. Əgər satış rəsmi olsa, dövriyyə göstərilsə, malın alışını da müəyyən etmək olar ki, sahibkar nə qədər qeyri-rəsmi mal gətirib", - deyə o qeyd edib.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də Sputnik Azərbaycan-a deyib ki, "Binə" və "Sədərək" ticarət mərkəzlərində İqtisadiyyat Nazirliyinin Vergilər Xidməti tərəfindən şəffaflaşdırma işi aparılır: "Həmin ticarət mərkəzlərində problemlər köklüdür. Məsələ odur ki, sahibkarların çoxu karqo şirkətləri ilə işləyir, yəni mallar həmin şirkətlərin adına rəsmiləşdirilir. Orada olan malların və məhsulların əksəriyyətinin alış sənədləri yoxdur və yaxud sənədsiz məhsullardır".
Ekspert bildirib ki, ona görə də həmin məhsullar ilk növbədə sənədləşdirilməlidir: "Rəsmiləşmə olmalıdır ki, onun əsasında satış üçün POS-terminallar quraşdırılsın. Orada fəaliyyət göstərən hər bir ticarət obyekti ayrı-ayrılıqda vergi qeydiyyatında olmalıdır. Bütün bunlar həll edilməlidir ki, satış rəsmi şəkildə həyata keçirilsin. Malların karqo şirkətləri tərəfindən gətirilməsi daha asan başa gəlir və sahibkar buna vaxt ayırmaq istəmir. Gərək sahibkarlar da bu məsələdə özləri maraqlı olsunlar".
"Bunlar hamısı rəsmiləşsə, sabah "Binə" və "Sədərək" ticarət mərkəzlərinin indiki kimi ucuz ola bilməyəcəyi düşüncəsi də var, yəni belə bir düşüncə var ki, rəsmiləşmə olsa, bu, qiymət artımına gətirib çıxardacaq və oradan mal almaqda maraqlı olmayacaqlar", - deyə o əlavə edib.
Qeyd edək ki, 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Vergilər nazirinin müavini İlkin Vəliyev deyib ki, Azərbaycanda nəzarət-kassa aparatlarının quraşdırılması prosesi mərhələli şəkildə davam etdiriləcək: "2021-ci ildə tam olaraq bütün ticarət şəbəkələrində nəzarət-kassa aparatlarının quraşdırılması tam başa çatacaq. Bu işlər Nazirlər Kabinetinin qərarı əsasında qrafik şəkildə təsdiq olunub və təxminən 4 mərhələdən ibarətdir. Artıq 1 və 2-ci mərhələlər 2019-cu ildə başa çatıb, 3-cü mərhələ 2020-ci ildə həyata keçiriləcək və 2021-ci ildə tam olaraq bütün ticarət şəbəkələrini əhatə edəcək".