Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 24 yanvar - Sputnik. "Dekabrın 25-də mən mən öz etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdim. Bu tarix mənim üçün bir neçə səbəbə görə əlamətdardır. Birincisi, mən dost və strateji tərəfdaş olan Azərbaycanda İsrailin səlahiyyətli nümayəndəsi kimi fəaliyyətə başladım. İkincisi, məhz bu gün, 28 il əvvəl İsrail və Azərbaycan arasında diplomatik əlaqələrin qurulduğu gündür".
Sputnik Azərbaycan bildirir ki, bunu İsrailin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dik bildirib.
Onun sözlərinə görə, Azərbaycan bütün dinlərə məxsus insanların təhlükəsizlik şəraitində yaşadığı ölkədir:
"İki aydır burada olmağıma baxmayaraq Azərbaycanda ölkənin əsasında tolerantlıq və qarşılıqlı hörmətin durduğunun fərqindəyəm. Mən İsrail tarixində təyin olunan ilk xristian ərəb səfirəm. İsrailin 9.8 milyon əhalisinin təxminən 1.5 milyonu müsəlman, 180 minə yaxını xristiandır. Şiddət və qeyri-sabitliyin olduğu bölgədə İsrail və Azərbaycan tolerantlıq, yeni dünyanın necə olmasına dair nümunələrdir".
Corc Dik vurğulayıb ki, İsrail və Azərbaycanda olan strateji münasibətlər İsraildə bir konsensus olaraq qalır: "Ölkələrimiz arasında olan dostluğun dərinliyi İsraildə hörmətlə tanınır və qəbul olunur. Bildiyiniz kimi, İsraildə martın ikisində növbədənkənar parlament seçkiləri keçiriləcək. Mən əminliklə deyə bilərəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq ölkələrimiz arasında olan münasibətlər daha da möhkəmlənəcək".
Səfir qeyd edib ki, bu münasibətlərə yaxşı nümunə kimi bu həftə Azərbaycanın Milli Məclisinin sədri Oqtay Əsədovun səfərini göstərmək olar: "O, Holokost Forumunda ABŞ Vitse-prezidenti Mayk Pens, Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronla birgə iştirak edib. Holokost Forumunda yüzə yaxın ölkə iştirak edib. Azərbaycan bu forumda təmsil olunan az saylı müsəlman ölkələrdəndir. Azərbaycan və İsrail münasibətləri olduqca strateji xarakter daşıyır".