Zülfiyyə Quluyeva, İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 22 yanvar — Sputnik. Bakı-Sumqayıt yolunda genişləndirmə işləri ilə əlaqədar yol kənarındakı küknar ağacları kökündən çıxarılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) əməkdaşları Sputnik Azərbaycan-a bildiriblər ki, yolun genişləndiriləcək hissəsinə düşən 80-ə yaxın ağac kökündən çıxarılır. İşçilər məlumat veriblər ki, ağaclar çıxardılaraq bir qədər qarşıda, yoldan kənar hissələrə əkilir.
Qeyd edək ki, Bakı-Sumqayıt yolunda süni təpəciklər də dağıdılır. Yolda hərəkətə mane olmamaq şərtilə söküntü işləri davam etdirilir. Hadisə yerində olarkən yolun genişləndirilməsi işləri çərçivəsində "Xırdalan qəbiristanlığı"nda da məzarların bir hissəsinin söküləcəyi barədə məlumat əldə etdik. Qəbiristanlığın nəzarətçiləri Sputnik Azərbaycan-a bildiriblər ki, ərazinin 6 metr hissəsinin yolun genişləndiriləcək hissəsinə düşdüyü barədə onlarda da məlumat var. Lakin nəzarətçilər bu xəbərin dəqiq olub-olmadığını bilmədiklərini söylədilər: "Belə olarsa, burada xeyli sayda məzar yeri köçürüləcək. Yolun kənar hissəsinə düşən məzarlıqlar arasında məşhur şəxslərin də qəbirləri var".
Xırdalan qəbiristanlığı yaxınlığında, Sumqayıt-Bakı istiqamətində yolun mühafizə zolağına da xeyli sayda yaşayış və qeyri-yaşayış obyektləri düşür. Sakinlər hələ ki evlərin söküləcəyi barədə onlara rəsmi məlumat verilmədiyini söylədilər.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunun 17,5 km hissəsində, Xırdalan dairəsi və dairədən sonrakı hissədə yol genişləndirilir: "Görülən işlər çərçivəsində yol kənarındakı süni təpələr dağıdılır, körpülərin alt hissəsi genişləndirilir, yolun genişləndirilən hissəsinə düşən yaşayış və qeyri-yaşayış evlərinin kompensasiya ödənilməklə köçürülməsi işləri həyata keçirilir. O cümlədən müvafiq ekspertiza rəyi əsasında yaşıllıq zolaqlarının köçürülməsi işləri aparılır. Çıxardılan ağaclar yaxınlıqdakı boş ərazilərə və avtomobil yollarının mühafizə zolağındakı boş sahələrə köçürülür".
A.Nəcəfli Bakı-Rusiya yolunda aparılan genişləndirmə işlərinin bu ilin may ayının sonunadək başa çatdırılmasının nəzərdə tutulduğunu da söyləyib. O bildirib ki, Xırdalan, Biləcəri, Binəqədi istiqamətində nəqliyyat vasitələrinin axınının tənzimlənməsi, butulka effektinin aradan qaldırılması istiqamətində də işlər görüləcək. Qurum sözçüsü deyir ki, bundan sonra, növbəti mərhələdə Bakının giriş hissəsində - "Şamaxinka" adlanan yolda da tıxacın aradan qaldırılması istiqamətində işlərə başlanılacaq: "Bu istiqamətdə müəyyən layihələr var ki, onların icrası bizim tərəfimizdən həyata keçiriləcək".
A.Nəcəfli "Xırdalan qəbiristanlığı"nda yolun kənarına düşən hissədə məzar yerlərinin köçürülməsi barədə məlumatların yanlış olduğunu deyib. O bildirib ki, qəbiristanlıqda nəinki məzarların köçürülməsi, divarının belə sökülməsi nəzərdə tutulmur.