BAKI, 21 yanvar — Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında Suriyanın Duma şəhərində (Şərqi Quta) kimyəvi silah istifadəsinin saxtalaşdırılmasına dair sübutları təqdim edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, iclas 2018-ci ildə Dumada baş vermiş hadisələrin araşdırılması ilə bağlı Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının dərc etdiyi hesabatın müzakirəsinə həsr olunub.
Görüşdə Demokratiya Problemlərinin Öyrənilməsi Fondunun direktoru Maksim Qriqoryev çıxış edərək, onun rəhbərlik etdiyi QHT-nin nümayəndələrinin Suriyanı on dəfədən çox ziyarət etdiklərini və bir neçə yüz şahidlə görüşdüklərini, eləcə də Duma şəhər xəstəxanasında olan insanlarla söhbət etdiklərini deyib.
"Biz həmçinin Dumada meyitlərin tapıldığı evin 10 sakinini və binadan bir kilometr radiusda olan 300 sakini sorğu-sual etmişik. Bu şahidlərin ifadələri Dumadakı kimyəvi hücumun saxtalaşdırıldığının inkaredilməz sübutudur", - Qriqoryev deyib.
O, həmçinin şahidlərlə aparılmış söhbətlərin bəzilərinin mətnlərini oxuyub. Şahidlərin sözlərinə görə, Dumadakı xəstəxanaya kimyəvi hücum qurbanları gətirilməyib.
Təhlükəsizlik Şurası üzvlərinə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı missiyasının Dumada işləmiş keçmiş mütəxəssisi İan Hendersonun videomesajı da göstərilib.
“İki qrup göndərildi. Birinci qrup Dumada yerləşəndən qısa müddət sonra ona qoşuldum. Son hesabatdakı nəticələr qrupun Dumaya səfəri zamanı və səfərdən sonra aşkar etdikləri ilə ziddiyyət təşkil edir və ya tamamilə əksinədir. 2018-ci ilin iyulunda aralıq hesabat dərc olunanda biz belə bir kimyəvi hücumun baş verməsi ilə bağlı ciddi şübhələrimizin olduğunu başa düşürdük", - Henderson deyib.
Rusiya tərəfi qeyd edir ki, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının hesabatının tənqidi analizi bu sənədin əsas müddəalarından çıxarılmış nəticələrlə bağlı suallar doğurur – bu, həm kimyəvi analizə, həm toksikologiyaya, həm ballistikaya, həm də şahid ifadələrinə aiddir.
Moskvanın fikrincə, 2019-cu ildə ortaya çıxan bir çox məlumat göstərir ki, Dumada yerləşdirilmiş birinci qrupun müfəttişləri hesabat dərc olunana qədər onun üzərində işləməyiblər. Bundan əlavə, bu şəxslərin hesabatdan fərqli olan müşahidələrlə bağlı ağlabatan suallar qaldırmaq və ya bu haqda məlumat vermək cəhdləri nəzərə alınmayıb. Bütün bunlar son hesabatın doğruluğuna şübhə yaradır.
Buna baxmayaraq, Təhlükəsizlik Şurasının iclası zamanı bir sıra ölkələr Suriyanı kimyəvi silah tətbiqində günahlandırmağa davam ediblər. Xüsusilə də Estoniyanın BMT-də daimi nümayəndəsi Sven Yurgenson Suriyada Kimyəvi Silahların Tətbiqi Faktlarının Tapılması Missiyasının “müstəqil” və professional işinə güvəndiyini bildirib. Onun sözlərinə görə, “Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının Duma üzrə hesabatının nəticələrinə şübhə etməyə əsas yoxdur”.
Kimyəvi hücuma dair hesabat
Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı keçən ilin martında Suriyanın Duma şəhərində 2018-ci il aprelin 7-də baş vermiş insidentin araşdırılmasına dair hesabat dərc edib. Hesabatda iddia olunur ki, kimyəvi hücum zamanı toksik maddədən – çox güman ki, xlordan istifadə olunub. Xlorla dolu balonların havadan atıldığı iddia edilib. Bu isə bəzi Qərb ölkələrinə imkan verib ki, Suriya aviasiyasını hücumda günahlandırsınlar.
Lakin sonradan Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının eksperti İan Hendersonun mühəndis hesabatı açıqlanıb. Sənəddə bildirilir ki, hadisə yerlərində aparılmış müşahidələr balonların havadan atılmadığını və yerə qoyulduğunu güman etməyə əsas verir.
Bundan əlavə, Hendersonun rəhbərlik etdiyi mütəxəssislər qrupu vəziyyəti simulyasiya edən bir neçə sınaqlar keçirib. Onlar belə bir nəticəyə gəliblər ki, birinci halda balonun ehtimal olunan zərbə təsirindən qalan izlər beton dam örtüyünə dəyən ziyanla üst-üstə düşmür; ikinci halda isə balonun qapağı tam olaraq yerində qalıb, baxmayaraq ki, onun tavan örtüyündən keçməsindən sonra bu mümkün deyil.
"Türk axını"nın açılışı Rusiya üçün sadə bir uğur deyil – ekspert
Rusiya Xarici İşlər Nazirliyi Suriya qoşunları tərəfindən zəhərli maddələrin istifadəsi ilə bağlı iddiaları terrorçuları təmizə çıxartmaq və xaricdən mümkün hücumlara haqq qazandırmaq istəyi adlandırıb. Bundan bir müddət öncə isə Rusiya Baş Qərargahı xəbərdarlıq edib ki, döyüşçülər kimyəvi silahdan istifadə pərdəsi altında Şərqi Qutada təxribat hazırlayırlar.