Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 yanvar — Sputnik. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə uçot dərəcəsindən danışıb.
E.Rüstəmov bildirib ki, keçən il pul siyasətinin yumşaldılması ilə də xarakterizə olub: "Bu, hər iki istiqamətdə baş verib. 2018-ci və 2019-cu illərdə, yəni biz o yüksək inflyasiya illərində faiz dərəcəsini 15 faizə qaldırmışdıq, təxminən 2 dəfə aşağı salınıbdır və bu gün uçot dərəcəsi 7,5 faizdir.
Qeyd edək ki, uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları, həm də müxtəlif şirkət və təşkilatları kreditlə təmin edir. Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. İnflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Uçot dərəcəsi aşağı olduqda kreditlər əlçatan xarakter alır.
İqtisadçı-ekspert Rəşad Həsənov ölkəmizdə uçot dərəcəsinin aşağı düşməsinin faizlərə təsirini Sputnik Azərbaycan-a şərh edib.
Ekspert deyib ki, ümumiyyətlə, uçot dərəcəsi faizlərin aşağı salınması və pul kütləsinin genişləndirilməsi üçün istifadə olunan alətlərdən biridir: "Bu baxımdan Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini azaltması müəyyən mənada bazara təsir göstərir. Amma digər ölkələrdə müşahidə etdiyimiz kimi, faizlər baxımından ciddi təsirləri olmur. Çünki hazırda Azərbaycanda uçot dərəcəsi çox zəif istifadə oluna bilən alətdir".
"Uçot dərəcəsinin təsirləri o zaman daha yüksək olur ki, mərkəzi banklarda mərkəzləşdirilmiş kreditlərin həcmi çox olur. İndiki halda Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin az olması uçot dərəcəsini aşağı salmaqla bu prosesə təsir imkanlarını məhdudlaşdırır. Banklararası bazarın inkişaf etməsi və Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin artması bu alətin daha effektiv istifadə olunmasına gətirib çıxarda bilər", - deyə o qeyd edib.
O bildirib ki, amma hazırda ölkəmizdə bank sektorunda müəyyən izafi likvidlik var: "Bu vəsaitlərin bir qismi Mərkəzi Bankın keçirdiyi depozit hərraclarında yerləşdirilir. Uçot dərəcəsinin aşağı düşməsi son nəticədə depozit hərraclarında faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxardıb. Növbəti dövrlərdə bu prosesin davam etdirilməsi faizlərin daha da aşağı düşməsinə gətirib çıxardacaq və banklar bu vəsaitləri Mərkəzi Bankın depozitlərində yerləşdirməkdə maraqlı olmayacaqlar. Dolayısı ilə bu vəsaitlərin bir qismi məcburən bazara yönləndirilə bilər, yəni kredit portfelinin genişlənməsinə gətirib çıxarda bilər. Bu da öz növbəsində müəyyən qədər təklif şərtlərinin yumşalmasına, rəqabətin artmasına və beləliklə faizlərin cüzi də olsa aşağı düşməsinə təsir göstərə bilir".
Ekspert qeyd edib ki, uçot dərəcəsinin aşağı düşməsi faizlərin aşağı düşməsinə təsir göstərə bilər: "İstər biznes kreditləri olsun, istər istehlak kreditləri olsun, bu proses paralel gedir. Amma uçot dərəcəsinin 15 faizdən 7,5 faizədək azaldılmasının təsirlərini ölçsək, faizlərə təsirinin cüzi olduğunu görürük, yəni bazarda kredit faizlərində bunun effekti zəifdir. Amma növbəti dövrlərdə Mərkəzi Bank uçot dərəcəsini aşağı salmaqla təsir imkanlarını artırmağa, müəyyən qədər bazarda faizlərin aşağı düşməsini təmin etməyə çalışacaq. Bunun üçün də əsas yollardan biri maliyyə bazarlarının liberallaşdırılması ola bilər, yəni bazar iştirakçılarının sayının artması, beynəlxalq maliyyə korporasiyalarının bazara daxil olmasına şəraitin yaradılması rəqabəti dərinləşdirə bilər və vəsaitlərin bazara daxil olması ilə faiz dərəcələrini azalda bilər".
"Uçot dərəcəsi hər bir ölkədə müxtəlifdir. Məsələn, Avropa İttifaqında uçot dərəcəsi 0,75 faiz ətrafında dəyişir. Rusiyada uçot dərəcəsi 7 faizdir. Türkiyədə isə uçot dərəcəsi yüksəkdir, təxminən 12 faiz ətrafındadır", - deyə o əlavə edib.
Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 7.75%-dən 7.5%-ə endirilməsi haqda qərar qəbul edib.