Çuxur Qəbələ kəndindən qərbdə, Dızaxlı kəndindəki yüksəkliklərdə V-VII əsrlərə aid olduğu bildirilən dini məbəd, Komrat Baba türbəsi yerləşir. O, həm xristianların, həm də müsəlmanların inanc yeri hesab edilir.
Məbədin baxıcısı, kənd sakini Heyran Qasımova Sputnik Azərbaycan-a danışıb ki, dini abidəyə gedən yollar bərbad vəziyyətdədir. Buraya gəlib-çatmaq olduqca çətindir. Bundan başqa, məscidin içinə axan sulara görə rütubət çox böyük problemə çevrilib. Komrat Baba türbəsindən 10 metr aralıqda yerləşən məscidin giriş qapısı isə, demək olar ki, tamamilə sökülüb, bünövrəsi çöküb, divarları isə çatlardan hörümçək torunu xatırladır. Sakinlərin ən böyük arzusu isə abidənin yenidən bərpa edilib, ziyarətgaha çevrilməsidir.