BAKI, 20 yanvar — Sputnik. Bakıda 24-26 yanvar tarixində "Passage 1901" restoranında "Baku Coffee&Tea Festival" beynəlxalq festivalı keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a tədbirin təşkilatçıları məlumat veriblər.
Layihənin məqsədi kofe və çay sənayesinin və biznesinin inkişafı üçün keyfiyyətli imkanlar yaratmaq, həmçinin perspektiv əməkdaşlıq və təcrübə mübadiləsi etməkdir. Festivalda kofe və çay sənayesinin peşəkarları iştirak edəcəklər.
Tədbir çərçivəsində və "Specialty Coffee Association" - Beynəlxalq Qəhvə Assosiasiyasının himayədarlığı ilə iki milli barista (Espresso içkilərinin hazırlanmasına dair nəzəri bilik və praktik bacarığa malik olan sənət-red.) çempionatı keçiriləcək. Beynəlxalq dərəcəli hakimlər kollegiyasının müəyyən etdiyi qaliblər Azərbaycanı dünya çempionatlarında təmsil edəcəklər.
Bundan əlavə, festivalda qəhvə və çay, aksesuar və avadanlıq istehsalçıları və idxalçılarının sərgiləri, aparıcı mütəxəssislərin seminarları və ustad dərsləri keçiriləcək. Layihənin gənc qonaqları üçün xüsusi bir oyun sahəsi də yaradılacaq.
Bu festival ilk dəfə 2019-cu ilin yanvarında keçirilib.