CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Burada nə həyat hekayələri varmış: Qocalı-cavanlı hər kəsin sığındığı yer

© Sputnik / Nigar IskanderovaZabratda sosial sığınacaqdan reportaj
Zabratda sosial sığınacaqdan reportaj - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş məhbus: "İki il həbsdə yatıb çıxandan sonra gəlib gördüm ki, lələ köçüb yurdu qalıb. Həyat yoldaşım məndən ayrılandan 31 gün sonra başqa kişi ilə ailə qurub".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. "Başımın üstündə bir damım olsun, bu mənə bəsdir". Yəqin çoxumuz arzu edirik ki, qocalanda ən azı başımızın üstündə bir damımız olsun. Amma günümüzdə ölkəmizdə bundan məhrum olanlar da var. Övladları, doğmaları tərəfindən atılan bu adamlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında məskunlaşıblar.

Zabratda yerləşən bu sosial sığınacağın 47 sakini var. 2017-ci ildən fəaliyyətə başlayan müəssisə bu günədək 211 nəfərə xidmət göstərib. Bu şəxslərlə bağlı məlumatlar Dövlət Sosial Müdafiə Fondu tərəfindən araşdırıldıqdan sonra onlar məskunlaşmaq üçün sığınacağa göndərilir. Xüsusən də yağışlı, şaxtalı və qarlı günlərdə bura müraciət edənlərin sayı artır.

Sputnik Azərbaycan cəmiyyətimizin həssas qruplarından biri olan, doğmaları tərəfindən atılan, günlərlə, aylarla küçələrdə gecələmək məcburiyyətində qalan bu şəxslərə baş çəkmək üçün sığınacaqda olub.

Sığınacağın direktoru Anar İbrahimovun verdiyi məlumata görə, bu şəxslər yerli icra nümayəndəlikləri, bələdiyyələr, polislər tərəfindən aşkarlanır və aidiyyəti üzrə müraciət edilir: "Məlumatlılıq səviyyəsi artdıqca, bura müraciətlərin sayı da artır. Biz ilk olaraq yaşlı hesab edilən şəxsləri qəbul edir, onların sənədlərini qaydasına saldıqdan sonra qocalar evinə göndəririk. Burada onların normal yaşaması üçün hər cür şərait var. Onlar gündə 3 dəfə qida ilə təmin edilirlər".

© Sputnik / Nigar IskanderovaZabratda sosial sığınacağın rəhbəri Anar İbrahimov
Burada nə həyat hekayələri varmış: Qocalı-cavanlı hər kəsin sığındığı yer - Sputnik Azərbaycan
Zabratda sosial sığınacağın rəhbəri Anar İbrahimov

Daimi isti su ilə təchiz edilən sığınacaqda asudə vaxtın təşkili üçün hər bir şərait yaradılıb. Burada kitabxana, televizor, trenajor, oyun otaqları var. Müəssisə rəhbərinin dediyinə görə, sakinlərin böyük əksəriyyəti televizor və oyun otaqlarına maraq göstərir. Sakinlər yalnız nizam-intizam qaydalarını pozduqda sığınacaqdan xaric edilir.

Onların arasında cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra kimsəsiz qalanlar da var, ailə münaqişəsi zəminində boşanaraq tək qalanlar da. Məhbus həyatı yaşayanlar arasında qısqanclıq üstündə həyat yoldaşını öldürənlər, ağır və yüngül cinayətlərə görə təqsirli bilinənlər də var.

Müəssisə rəhbəri deyir ki, burada hansısa çarpayı boş qalmır, biri getdikdə, digəri gəlir. Sosial sığınacağın nizamnaməsində qeyd olunur ki, bu şəxslər 180 gündən artıq olmayaraq orada qala bilərlər.

Ümumi sayı 10 olan otaqlar 4, 5 və 8 nəfərlikdir. Otaqların şəraitinə nəzər yetirəndən sonra burada müvəqqəti məskunlaşmış sakinlərin acı həyat hekayələrini dinləyirik.

66 yaşlı Hidayət Rəsulov deyir ki, onu bura qədər gətirib çıxaran səbəb üst-üstə başına gələn bədbəxt hadisələrdir. "İki övladım var, Rusiyada yaşayırlar, həyat yoldaşım isə rəhmətə gedib. Bir dəfə yıxılaraq bərk xəsarət aldım. Bu yaşda gedib qohum-əqrəbanı narahat edə bilmərəm. Çarəsiz qalıb bura gəlmişəm. Artıq sənədlərim qocalar evinə verilmək üçün hazırlanıb. Öz tay-tuşlarımın yanına gedəcəyəm".

© Sputnik / Nigar IskanderovaZabratda sosial sığınacaq sakini Hidayət Rəsulov
Burada nə həyat hekayələri varmış: Qocalı-cavanlı hər kəsin sığındığı yer - Sputnik Azərbaycan
Zabratda sosial sığınacaq sakini Hidayət Rəsulov

Həmsöhbətimiz boş vaxtlarını kitab oxumaqla keçirir. Uzun illərdir sevgiyə həsrət qaldığını deyən Rəsulovun dolabı üzərində sevgi macəralarından bəhs edən kitabı görürük.

Buradakı digər sakinlərin də qapılarını döyürük. Bəziləri danışmaq istəməsə də, gecənin bu vədəsində, onlara baş çəkmək üçün gəldiyimizi bilərək, bizi qırmayı,b otaqlarına dəvət edirlər.

50 yaşlı Yaşar Ağayev 27 il məhbus həyatı yaşayıb. Doğmaları yaşasa da, o da özünü kimsəsiz hesab edir. Səbəbini isə özü belə izah edir: "Bir övladım var, lakin bir-birimizi axtarmırıq. Nə edim, mən də tək canıma bir əncam çəkmək məcburiyyətindəyəm. Bura gələnə qədər də işləyirdim, indi də işləmək məcburiyyətindəyəm. Sənətkaram, dərziliklə pul qazanıb özümü birtəhər idarə edirdim. Lakin son zamanlar qazancım zəifləmişdi, ev tutub qala bilmirdim. Qalmağa bir yerim olmadığı üçün harada gəldi yatdım, gecələdim. Sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Oradan isə məni bu sığınacağa yönləndirdilər".

© Sputnik / Nigar IskanderovaZabratda sosial sığınacaq sakini Yaşar Ağayev
Burada nə həyat hekayələri varmış: Qocalı-cavanlı hər kəsin sığındığı yer - Sputnik Azərbaycan
Zabratda sosial sığınacaq sakini Yaşar Ağayev

Həmsöhbətimiz gəncliyini içkiyə qurşanaraq həbsxanada yatmaqla keçirdiyinə görə təəssüf hissi keçirir: "O zamanlar içki aləmində idim. İçkili vaxtımda tanımadığım bir şəxsi öldürdüyüm üçün uzun illər dustaq həyatı yaşamışam. Cavanlığımı içkiyə qurşanaraq keçirdiyim üçün çox peşmanam".

62 yaşlı Rahim Rəhimov həyat yoldaşı tərəfindən atılıb: "Yoldaşım dedi ki, daha sənə baxmaram. Ona görə də bura gəldim. O, 2011-ci ildə məndən xəbərsiz boşanma üçün müraciət edib. Uzun müddətdir ki, buradayam. İnsult keçirtdiyim üçün II qrup əlilliyə görə pensiya alıram, onun 91 manatını aliment kimi məndən alırlar, 39 manatı isə özümə qalır". Rəhimov yeganə övladının onunla maraqlanmamasından da gileylənir.

© Sputnik / Nigar IskanderovaZabratda sosial sığınacaq sakini Rahim Rəhimov
Burada nə həyat hekayələri varmış: Qocalı-cavanlı hər kəsin sığındığı yer - Sputnik Azərbaycan
Zabratda sosial sığınacaq sakini Rahim Rəhimov

58 yaşlı Kərim Kərimov isə sığınacağın ən gülərüz sakinlərindən biridir. Pozitiv görünməyinə baxmayaraq, həyat onun üzünə gülməyib: "İki illik məhbus həyatından sonra evə qayıdanda gördüm ki, lələ köçüb yurdu qalıb. Həyat yoldaşım məndən ayrılandan 31 gün sonra başqası ilə ailə qurdu. Övladım var, amma nə olsun?! Olmasa bundan yaxşıdır. İki övladımdan biri - qızım 13 ildən artıqdır ki, Türkiyədə yaşayır. Oğlum da deyilənə görə, Daşkənddədir. Mən ona pis ata olmamışam. Nəşə çəkib bir səhv etmişəm, amma övladlarıma pis olmamışam. İndi mənə Allahımla Anar müəllimdən başqa heç kim baxmır".

Kərimov bura üz tutanadək işləyib pul qazansa da, ev tutmağa imkanı olmadığından küçələrdə, parklarda yatmalı olub. Söhbət zamanı elə onun məhbus həyatından da danışırıq: "Nəşə çəkdiyim üçün tutulmuşam və buna görə məhbus həyatı yaşamışam. Artıq nəşədən əlimi üzmüşəm, ona heç bir meylliliyim yoxdur. Heç belə mənasız vərdişlərə qurşanmaq üçün şərait də yoxdur. Müəssisə rəhbəri gündəlik ehtiyaclarımızı ödəmək üçün şərait yaradıb: yeməyimizi verirlər, üz qırxmaq üçün pulumuzu, üz qırxanımızı, sabun və poroşokumuzu verirlər, paltarlarımızı yuyurlar, otaqlarımızı təmizləyirlər, istədiyimiz qədər çimirik, bundan başqa nə istəyə bilərik?".

© Sputnik / Nigar IskanderovaZabratda sosial sığınacaq sakini Kərim Kərimov
Burada nə həyat hekayələri varmış: Qocalı-cavanlı hər kəsin sığındığı yer - Sputnik Azərbaycan
Zabratda sosial sığınacaq sakini Kərim Kərimov

"İş insanın cövhəridir" deyən həmsöhbətimiz burada qida ilə təmin olunsa da, özü pulunu qazanır. Onun gündəlik olaraq maşınları parklamaqla 5-50 manat civarında qazancı olur.

Buranın müvəqqəti sakinləri arasında yaşı 40-dan yuxarı olanlar çoxluq təşkil etsə də, onlar arasında gənc bir qız da var. 19 yaşlı Natəvan Mirzəyeva buranın ən gənc sakinidir. O, dünyaya gəldiyi gündən isti qucağa, isti nəfəsə, nəvazişə, doğma evə həsrətdir. Uşaq evində böyüyən gənc qız valideynlərini tanımır: "Uşaq evindən çıxdıqdan sonra çox çətin günlərim oldu. Süpürgəçi işləyib, xalça toxuyub pul qazanmışam. Evsiz, küçələrdə qaldığım üçün yoldan ötənlər məni evlərinə dəvət etdi. Hər gün bir adamın evində qalmalı oldum. Sonradan həmin şəxslər mənə sığınacağa yerləşməyə kömək etdilər".

49 yaşlı həmsöhbətimiz Svetlana Məmmədova artıq 3 aydır buradadır: "Bir oğlum var, 23 yaşındadır. Tələbə vaxtı işləyirdi. Bir gün onu maşın vurdu, yatağa düşdü. O müddətdə elə oldu ki, işsiz qaldım. Oğlum mənə dedi ki, get işlə. Mən də dedim ki, vaxtı gələndə işləyəcəyəm. O isə "get işlə" deyə məni evdən qovdu. O çıxan, evdən çıxdım, bir də qayıtmadım".

© Sputnik / Nigar Iskanderova
Çimnaz İbrahimova - Sputnik Azərbaycan
1/3
© Sputnik / Nigar Iskanderova
Natəvan Mirzəyev - Sputnik Azərbaycan
2/3
© Sputnik / Nigar Iskanderova
Svetlana Məmmədova - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Məmmədovanın dediyinə görə, artıq oğlunun səhhəti düzəlib, işini bərpa eləyib, amma anasını arayıb-axtarmır. "Düzdür, anayam, ürəyim onun yanındadır, amma qəlbim qırıqdır. 3 yaşından onu təkbaşına saxlamışam, baxmışam, atmamışam", - deyəın ana bura gələnədək bir ay başqa ailənin himayəsində qalıb.

Onun həyat hekayəsi Çimnaz İbrahimovanınkı ilə oxşardır. İnsult keçirən 59 yaşlı İbrahimova I qrup əlildir, güclə danışır, yeriyə bilmir. O, əlillər üçün nəzərdə tutulan təkərli gəzdirici vasitəsilə ayağa qalxır. Ananın həyatının acı hekayəsi 18 yaşlı bir oğlunun ölümü və həyatda qalan yeganə övladının onu atmasından sonra başlayıb. Çimnaz xanımın sözlərinə görə, oğlu ilə arasındakı soyuqluq onun ailə həyatı qurmasından sonra yaranıb: "Artıq 7 ildir ki, oğlum məni axtarmır, nömrəsini də dəyişib. Onunla əlaqə yarada bilmirəm. Hər gün onu düşünüb, ağlayıb sızlayıram".

59 yaşlı Fuad Paşayev cavanlıqda yol verdiyi səhvə görə buradadır. "Cavan vaxtı qız üstündə bir nəfərlə aramızda daba düşüb. Mən də həmin adamı bıçaqladım və buna görə uzun illər həbsdə yatdım. Azadlığa çıxandan sonra yenidən həbsə düşmüşəm. Ümumilikdə 19 ilimi məhbus kimi yaşamışam", - deyən Paşayev ilk dəfə azadlığa çıxandan sonra ailə həyatı qurub, 3 övladı var. Lakin sonradan ailəsi dağılıb: "Övladlarım məni atıb, yaxşı ediblər. Görünür, belə də olmalı idi. Yəqin ki, mən yaxşı ata olmamışam".

© Sputnik / Nigar IskanderovaZabratda sosial sığınacaq sakini Fuad Paşayev
Burada nə həyat hekayələri varmış: Qocalı-cavanlı hər kəsin sığındığı yer - Sputnik Azərbaycan
Zabratda sosial sığınacaq sakini Fuad Paşayev

1963-cü il təvəllüdlü Vaqif Tağıyev isə dediyinə görə, qaynanası tərəfindən aldadılıb, evi əlindən alınıb. O, 5 ildir ki, kimsəsizdir.

Ağrı-acılı hekayələri dinləyəndən sonra sığınacağı tərk edirik, amma bu sual bizi əsla tərk etmir: Görəsən, atılmaq, kimsəsiz qalmaq, sığınacağa sığınmaq həqiqətən həyatın işidir, yoxsa insanın öz səhvlərinin nəticəsidir?!

Xəbər lenti
0