CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

© Sputnik / Ilham AhmadovQərib (Məhəmməd) kərim oğlu
Qərib (Məhəmməd) kərim oğlu  - Sputnik Azərbaycan
Abunə olmaq
Xəbər yayılır ki, kommunistlər Qərib Yüzbaşını həbs etməyə gəlir. Bunu eşidən yerli əhali, habelə Oğuz yəhudiləri 17 km piyada yol gələrək, buna mane olurlar.

İlham Əhmədov Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanın bir cox tarixi şəxsiyyətləri var ki, illərlə insanlara, yaşadığı el-obaya xalq düşməni və ya cəmiyyət üçün yararsız bir insan kimi tanıdılıb. Belə görkəmli şəxslərdən biri də Oğuz rayonu Padar kəndinin sakini olmuş Qərib Yüzbaşıdır.

Qərib Məmmədkərimoğlu (Yüzbaşı) 1870-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində yoxsul bir ailədə dünyaya gəlib. 1912-ci ildə qardaşı ilə birgə Padar kəndinə köçüb. Qardaşı bir qonaqlıq zamanı ev sahibinə atılan güllənin hədəfi olub və dünyasını dəyişib. 1912-də Padara bir mis kasa ilə gələn Qərib Yüzbaşı qısa müddət ərzində biliyi və bacarığı sayəsində böyük var-dövlət, mülk sahibi olur. Onun işgüzarlığı və təsərrüfata olan marağı kənd sakinlərinə agah idi. O, aclıq vaxtı bütün rayon camaatına, həm də rayonun yəhudi icmasına çox kömək edib. Xeyriyyəciliklə məşğul olan bu insan kənddə bir cox yeniliklərə və insanların rifahını yüksəldəcək əməllərə imza atıb. Öz hesabına kənddə məscid və xəstəxana tikdirib.

© Sputnik / Ilham AhmadovXaçmaz rayonu Padar kəndinin girişi
Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib - Sputnik Azərbaycan
Xaçmaz rayonu Padar kəndinin girişi

1918-də Azərbaycan Xalq Cümhuriyyəti qurularkən Qərib (Məhəmməd) Kərim oğlu Şəki qəzasının Vartaşen nahiyəsində İcraiyyə Komitəsinin sədri idi (bu vəzifəyə 1917-ci il fevral inqilabından sonra seçilmişdi). O dövrlərdə Qərib Yüzbaşı parlamentdə "Əhrar" partiyasını təmsil edirdi. Parlamanın 24 aprel 1919-cu il tarixli iclasının stenoqramı qarşımızdadır. İclasın sədri Həsən bəy Ağayev bildirir ki, torpaq komissiyası 3 dəfə yığışmadığına görə buraxılır və onun yeni heyəti seçilməlidir. Ağayevin təklifi ilə partiyalar bu komissiyaya öz namizədlərini verir. Seçilmək üçün hər deputat 42 səsdən ən azı 22-sini yığmalı idi. Keçirilmiş gizli seçkinin nəticələrini Abbasqulu Kazımzadə açıqlayır: 26 səs toplamış Qərib Yüzbaşı ən çox səs yığmış Məhəmməd Əmin Rəsulzadə, Aslan bəy Qardaşov, Cavad bəy Məlikyeqanov, Əliheydər Qarayev və Heybətqulu Məhəmmədbəyov ilə birlikdə torpaq komissiyasına üzv seçilib. Bu seçkidə ən çox səs toplayan həmin 7 nəfər Məhəmməd Əmin Rəsulzadənin təklifiylə həm də fəhlə komissiyasına üzv olur. Beləliklə, Qərib (Məhəmməd) Kərimoğlu Parlamentin iki mühüm komissiyasına eyni zamanda üzv seçilib.

Padar torpağının təxminən yarısı ona aid idi. 1918-ci illərdə Nuru Paşanın rəhbərliyi ilə osmanlı ordusu Azərbaycana daxil oldu.

© Sputnik / Ilham AhmadovQərib (Məhəmməd) Kərim oğlunun yaşadığı ev
Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib - Sputnik Azərbaycan
Qərib (Məhəmməd) Kərim oğlunun yaşadığı ev

Oğuz bölgəsində bu ordunun bölməsinə Abdulla Paşa rəhbərlik edirdi. Həmin zamanlarda Abdulla Paşa məhz Qərib Yüzbaşının evində qalıb. Bütün bu baş verən tarixi hadisələrlə yanaşı, Yüzbaşının xarici ölkələrdə baş verən yeniliklər, eləcə də texnologiya ilə həmişə maraqlandığı məlum olub.

Qərib Yüzbaşı Azərbaycanda ilk Avropa və Amerika texnikasını istifadəyə verən şəxs kimi də tanınır. Onun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan ilk dəfə Azərbaycana taxıldöyən maşın gətirilir və kənd camaatının öhdəsinə verilir. Hazırda həmin texnika qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır. Gələcəkdə o texnikanın Qərib Yüzbaşının həyətinə gətirilməsi nəzərdə tutulub.

Onun təşəbbüsü ilə rayona müxtəlif çeşidlərdə fərqli alma növləri, eləcə də digər kənd təsərrüfatı məhsulları gətirilib və becərilib. Hökumət sovetləşdikdən sonra o, mülkünü və texnikasını könüllü kolxoza təhvil verib. Sonra bütün rayona xəbər yayılıb ki, kommunistlər Qərib Yüzbaşını həbs etməyə gəlir. Bunu eşidən yerli əhali, habelə Oğuz yəhudiləri 17 km piyada yol qət edərək buna mane olublar. Kənd ağsaqqalı, xeyriyyəçi Qərib Yüzbaşı 1926-cı il okytabrın 9-da qəflətən dünyasını dəyişib.

Lakin sovet hökuməti zamanında bu tarixi şəxsiyyət haqqında əhalidə yanlış təsəvvür formalaşdırılıb və onun xeyriyyəçilik əməlləri ört-basdır edilib. Qərib Yüzbaşının oğlu da atasına qarşı aparılan məkrli siyasətin qurbanı olub. O, 1928-ci ildə atasının tikdirdiyi və kənd sakinlərinin təhsil alması məqsədilə fəaliyyət göstərən məscidi bərpa etdirdiyinə görə sovet rejimi tərəfindən həbs edilib.

© Sputnik / Ilham AhmadovQərib (Məhəmməd) Kərim oğlunun məzarı
Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib - Sputnik Azərbaycan
Qərib (Məhəmməd) Kərim oğlunun məzarı

Hazırda Qərib Yüzbaşının nəvələri həyatdadır. Onun evi nəvəsi Təranə Musayeva tərəfindən yenidən bərpa edilib. Padar kəndində Qərib Yüzbaşıya qəbirüstü abidə ucaldılıb və kənd camaatını, eləcə də ziyarətçiləri məlumatlandırmaq üçün lövhə qoyulub.

Maraqlı bir məqam da ondan ibarətdir ki, 2012-ci ildə İsveçrə banklarının birindən Padar kəndinə məktub gəlib. Məktubda Qərib Yüzbaşının orada 100 il öncə pul (yaxud qızıl) yatırdığı və faizlə birgə hesabına külli miqdarda pul yığıldığı barədə məlumat verilib. O məktubun sonrakı taleyi barədə məlumat almaq mümkün olmayıb. 

Xəbər lenti
0