Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 yanvar — Sputnik. Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar yenidən söküntü işlərinə başlanılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda Bakı-Sumqayıt yolunda təpəciklərin dağıdılmasına başlanılıb. Artıq ərazidə ağır texnika ilə Bakı-Sumqayıt yolunun Xırdalan şəhərindən keçən hissəsində yeni söküntü işlərinə başlanıb. Söküntü işləri Xırdalan dairəsini keçdikdən sonra yolun sağ tərəfində həyata keçirilir. Yol kənarındakı təpəciklərin torpağı toplanaraq başqa yerə daşınır.
Qeyd edək ki, bir müddət əvvəl təpəciklərin üzərindəki ağaclar da başqa yerə köçürülmüşdü. Ekspertlər də mediaya açıqlamalarında bu təpəciklərin Bakı-Sumqayıt yolunun genişləndirilməsinə mane olduğunu söyləmişdilər. Məlumat üçün bildirək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov bir neçə gün əvvəl verdiyi açıqlamada Bakı-Sumqayıt yolunun genişləndirilməsi işlərinin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulduğunu bildirmişdi.