BAKI, 18 yanvar — Sputnik. Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın "Eşq və Ölüm" baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, "Kitabi-Dədə Qorqud" eposunun motivləri əsasında qələmə alınan balet əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş etdirir. Səhnə əsəri rusiyalı xoreoqraf Nadejda Malıginanın quruluşunda izləniləcək. Səhnə əsəri teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə ediləcək.
Səhnə əsərində əsas partiyaları Əməkdar artistlər Cəmilə Kərimova (Baycan), Makar Ferştandt (Yalıncıq), Samir Səmədov (Məlik xan), Xalq artisti Gülağası Mirzəyev (Qazan xan), solistlər Timur Oduşev (Azər), Ayan Eyvazova (Ölüm) və başqaları canlandıracaqlar.
Balet ilk dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında 2005-ci ildə Vyana Balet Akademiyasının professoru Vəkil Usmanov tərəfindən səhnəyə qoyulub. Səhnə əsəri Bakıda çox böyük uğurla baş tutan premyerasından sonra elə həmin il Moskvada - Rusiya Akademik Böyük Teatrı və Sankt-Peterburqun Mariinski adına Teatrının səhnəsində də təqdim olunub.
Bir gün sonra, fevralın 7-də isə Bakıda Heydər Əliyev Sarayında yubiley gecəsinin keçirilməsi nəzərdə tutulub.
Tədbirlərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, estrada ansamblı və solistlərin ifasında Polad Bülbüloğlunun əsərləri səslənəcək.
Qeyd edək ki, fevralın 4-də görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, "İstiqlal" və "Şərəf" ordenli Polad Bülbüloğlunun anadan olmasının 75 illiyi tamam olur.