AVRO-1980: darıxdırıcı və maraqsız turnir

© Sputnik / Igor Utkin / Mediabanka keçidXXII Олимпийские игры 1980 год в Москве. Перед началом матча за третье место. Стадион "Динамо".
XXII Олимпийские игры 1980 год в Москве. Перед началом матча за третье место.  Стадион Динамо. - Sputnik Azərbaycan
Abunə olmaq
Fuad Məmmədov-Paşabəyli SSRİ milli komandasının 1978-ci il dünya çempionatının və AVRO-1980-ın seçmə turlarındakı uğursuzluqlarını xatırlayır.

1976-1980-ci illər sovet futbolu üçün çətin bir dövr oldu. Əvvəlki məqaləmdə də qeyd etdiyim kimi, mütərəqqi məşqçi Valeri Lobanovskinin rəhbərlik etdiyi SSRİ millisi futbol üzrə 1976-cı ilin Avropa çempionatının finalına çıxa bilmədi.

Monreal Olimpiadasında SSRİ komandası bürünc medallar qazansa da, bu nəticə uğursuz hesab edilirdi və beləliklə, Lobanovski vəzifəsindən kənarlaşdırıldı.

1978-ci ildə Argentinada keçiriləcək dünya çempionatına hazırlaşmaq lazım idi və komandaya məşqçi kimi Nikita Simonyan gətirildi. SSRİ futbolunda olduqca maraqlı bir vəziyyət yaranmışdı. Heyətdə ən yüksək səviyyəyə aid edilə biləcək yeni oyunçular var idi, ancaq komanda solğun nəticələr göstərirdi. Səbəb nə idi? Məşqçi çatışmazlığı? Xeyr. Bununla razılaşmaq mümkün deyil, çünki Lobanovski Kiyevdə işləməyə davam edirdi, Moskvada Konstantin Beskov “Spartak”la çox məhsuldar və ciddi işləyirdi, Tbilisi “Dinamo”suna başçılıq edən Nodar Axalkatsi isə super komandasını qurmağa başlamışdı. Təəssüf ki, ölkənin idman rəhbərliyi tez-tez səhv qərarlar qəbul edirdi və bununla əlaqədar uğursuzluqları komandanın baş məşqçilərinin boynuna qoyurdu.

SSRİ komandası dünya çempionatına Avropadan vəsiqələrdən biri uğrunda Macarıstan və Yunanıstan milli komandaları ilə mübarizə aparırdı. Razılaşın, çox da çətin bir qrup deyil. Mən də belə düşünürdüm. Çoxmilyonluq sovet azarkeşləri ilə birlikdə mən də SSRİ komandasının bu dünya çempionatında görməyə ümid edirdim. Təəssüf ki, kifayət sayda yüksək səviyyəli oyunçunun olmasına baxmayaraq, SSRİ komandası sönük və iradəsiz bir oyun nümayiş etdirərək dünya çempionatında yarışmaq hüququnu macarlara uduzdu.

 

© AP PhotoArgentina milli komandası DÇ-1978-də Argentina-Peru matçından əvvəl
AVRO-1980: darıxdırıcı və maraqsız turnir - Sputnik Azərbaycan
Argentina milli komandası DÇ-1978-də Argentina-Peru matçından əvvəl

Turnirin ev sahibi argentinalılar finalda Niderland millisini məğlub edərək dünya çempionu oldular. On birinci dünya çempionatı məni (və fikrimcə başqalarını da) elə də heyran etmədi və yalnız dünya çempionu almanların uğursuzluğu və “danışılmış” oyuna bənzəyən Argentina-Peru qarşılaşması ilə yaddaşımda qaldı. Yeri gəlmişkən, bu biabırçı matçdan sonra FIFA-nın günahkarları cəzalandırmaq üçün kifayət qədər faktı yox idi, lakin sonradan qurum qruplardakı son matçları eyni vaxtda keçirmək qərarını verdi. Argentinalı hücumçu Mario Kempes də yadımda qaldı – oyunu ilə deyil, görünüşü və ekspressiyası ilə.

Hər halda sovet azarkeşləri ümid edirdilər ki, SSRİ komandası 1978-ci ilin dünya çempionatının seçmə mərhələsində üzləşdiyi uğursuzluğun əvəzini AVRO-1980-da çıxacaq. Üstəlik bu fiaskodan sonra ölkənin idman rəhbərliyi baş məşqçini dəyişməmək və Simonyanın işini davam etdirməsinə icazə vermək qərarına gəlmişdi.

Təəssüf ki, SSRİ komandası Avropa çempionatının da seçmə mərhələsində uğursuz çıxış etdi. Argentinadakı dünya çempionatından əvvəl olduğu kimi, SSRİ komandası yunanlara və macarlara qarşı oynamalı idi. Qrupda dördüncü komanda Finlandiya millisi idi. Yenə də əla oyunçularının olmasına baxmayaraq, sovet komandası əhəmiyyətli bir şey göstərə bilmədi. Daha dəqiq desəm, fərdi olaraq oyunçuların hər biri yüksək səviyyədə idi, amma komanda oyunu yox idi.

Simonyan komandada bir neçə dəfə dəyişiklik apardı, komandaya 36 oyunçu cəlb etdi, lakin bu müsbət nəticə vermədi. Komandada xaos böyüyürdü, milli qrupda son sıraya düşmüşdü. Simonyan işindən kənarlaşdırıldı və o vaxt “Spartak Moskva”nın möhtəşəm heyətinə rəhbərlik edən Konstantin Beskov vəziyyəti düzəltmək üçün təcili olaraq milliyə dəvət edildi. Qrupda cəmi iki qarşılaşma qalırdı: Beskov möcüzə yarada bilmədi, çünki komandanı birləşdirmək üçün vaxt lazım idi, yeni məşqçinin isə məhz vaxtı çatışmırdı. SSRİ millisi seçmə turu biabırçı şəkildə sonuncu yerdə başa vurdu.

Köhnə qitənin altıncı çempionatı İtaliyada baş tutdu. Yarışma ilk dəfə olaraq yeni formatda keçirilirdi. Təsnifat turunun ələklərindən keçən səkkiz komanda iki qrupa bölünürdü. Qrupların qalibləri finala çıxırdı, ikinci yeri tutanlar isə öz aralarında bürünc medal uğrunda oynayırdılar.

Millinin çıxışı sovet azarkeşlərini ruhdan salmışdı, lakin buna baxmayaraq, onlar əsl futbol biliciləri kimi, İtaliyadakı stadionlarda möhtəşəm futbol döyüşlərini gözləyirdilər.

Qeyd edim ki, futbol üzrə SSRİ yığmasının rüsvayçılığından əlavə, azarkeşləri həmçinin sovet xokkey komandasının Leyk-Plesiddəki Olimpiadada gözlənilməz məğlubiyyəti də məyus etmişdi. Ən böyük sovet xokkey “akademikləri” ABŞ-ın “tələbələrdən” ibarət komandasına məğlub olmuşdular. Düzdür, o xoşagəlməz, yaddaqalan və uğursuz gündə amerikalı uşaqlar həddindən artıq yaxşı oynayırdılar və layiqincə qələbə qazandılar.

Leyk-Plesiddəki oyunlar bu hadisə sayəsində, eyni zamanda konkisürən Erik Haydenin beş qızıl medalı və əlbəttə ki, bütün dövrlərin və xalqların ən görkəmli fiqurlu konkisürəni İrina Rodninanın olimpiadalarda üçüncü qələbəsi ilə yaddaşlarda qaldı.

Lakin futbola qayıdaq. İtaliyadakı final turu ərəfəsində “skuadra adzurra”nın aparıcı hücumçusu Paolo Rossinin iştirakı ilə böyük bir qalmaqal baş verdi. Qalmaqal danışılmış oyunlar və gizli totalizatorla əlaqəli idi. İtaliya federasiyası Rossini üç il müddətinə diskvalifikasiya etdi. Sonradan bu müddət iki ilə endirildi, lakin bu, Rossinin öz ölkəsində keçirilən AVRO-da oynaya bilməyəcəyi anlamına gəlirdi. İtalyanların məşqçisi Enzo Bearzot ümidsiz vəziyyətdə idi.

Bu hadisələr oyunları izləyən tamaşaçıların sayının nəzərə çarpacaq dərəcədə azalmasına səbəb oldu. Deyə bilərəm ki, həmin Avropa çempionatı ömrüm boyu gördüyüm ən darıxdırıcı və maraqsız çempionatlardan biri idi – mən isə bu çempionatları 1964-cü ildən izləyirəm.

 

© Sputnik / M. Kalantar / Mediabanka keçidSSRİ-nin futbol üzrə gənclər yığması
AVRO-1980: darıxdırıcı və maraqsız turnir - Sputnik Azərbaycan
SSRİ-nin futbol üzrə gənclər yığması

Komandalar iki qrupa ayrılmışdı. Almaniya Federativ Respublikası (Qərbi Almaniya), Çexoslovakiya, Niderland və Yunanıstan milli komandaları “A” qrupuna, İtaliya, Belçika, İspaniya və İngiltərə milli komandaları isə “B” qrupuna düşmüşdü. Qeyd edim ki, AFR komandasına Yupp Derval rəhbərlik edirdi. O, almanları dünya və Avropa çempionatlarında qələbəyə aparmış Helmut Şönün uzun müddət köməkçisi olmuşdu. Argentinadakı uğursuzluqdan sonra Şön millini tərk etmişdi. Qitə birinciliyində isə AFR millisi azarkeşlərin gözündə nüfuzunu bərpa etməyi planlaşdırdı.

Rəqiblər Qərbi Almaniya komandasına layiqli müqavimət göstərdilər, amma yenə də almanlar qrupda birinci yeri tutaraq finala vəsiqə qazandılar. Qrup mərhələsini ikinci yerdə çexoslovakiyalılar başa vurdular. Onlar Niderland millisini yalnız vurulmuş və buraxılmış qolların fərqi ilə qabaqladılar.

“B” kvartetində isə gözlənilməz hadisə baş verdi. Qeyd etməliyəm ki, Avropa çempionatlarında sensasiyalar yaşanıb, yaşanır və düşünürəm ki, dünya çempionatlarına nisbətən daha tez-tez yaşanacaq. AVRO-1976-da Çexoslovakiya millisinin nümunəsi digər komandaları ruhlandırdı və inandırdı ki, məqsədyönlü, əzmkar və fədakar olmaqla yüksək yerlərə ümid etmək olar.

Belçika millisi “B” qrupunun autsayderi hesab olunurdu. Çoxları əmin idi ki, ikiqat dünya çempionu və AVRO-1968-in qalibi olan italyanlara qrupda birinci yer uğrunda mübarizədə əsas çətinliyi 1966-cı ildə dünyanın ən yaxşı komandası olmuş İngiltərə millisi yaradacaq. AVRO-1964-ün qalibi olmuş ispanlara da ümidlər böyük idi.

Ancaq belçikalılar bu proqnozla razı deyildlər. O dövrdə Jan-Mari Pfaff, Erik Gerets, Fransua van der Elst və Yan Kulemans kimi böyük oyunçular millidə oynayırdılar. Lakin Belçika komandasının əsas hərəkətverici qüvvəsi baş məşqçi, “hiyləgər tülkü” Gi Tis idi. O, çox yaxşı bir komanda toplaya və oyunçuları ən yüksək tapşırıqları belə həll edə biləcəklərinə inandırmışdı. Oyunçular Tisə o qədər inanmışdılar ki, öz qruplarında birinci yeri qazandılar. Bununla da onlar evdə ikinci dəfə Avropa çempionu olmağa ümid edən italyanları qorxutdular.

“Skuadra adzurra” isə alqış qazanmaq əvəzinə, tənqid atəşinə tutuldu, çünki hətta üçüncü yer uğrunda matçda italyanlar Çexoslovakiyanı məğlub edə bilmədilər. Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatdı və bürünc medalın sahibi penaltilər seriyasında müəyyənləşdi.

Bu, bəlkə də ümumiyyətlə parlaqlığı və gərginliyi ilə seçilməyən çempionat ərzində ən maraqlı məqam idi. Səkkiz penalti cütlüyü vəzifəsinin öhdəsindən gələ bildi. Doqquzuncu cütlükdə isə çexoslovakiyalı oyunçu Yozef Barmoş dəqiq oynadı, lakin italyan Fulvio Kollovati gərginliyin öhdəsindən gələ bilmədi və səhv etdi. Çexoslovakiyalılar bu dəfə üçüncü oldular. AVRO-1980-ın ev sahibləri isə tənqid atəşinə tuş gəldilər.

Final qarşılaşması elə də möhtəşəm alınmadı. Almanlar üstün idilər və artıq 10-cu dəqiqədə Dervalın irəli çəkdiyi forvard Horst Hrubeş hesabı açdı. Belçikalılar 75-ci dəqiqədə Rene Vandereykenin uğurla yerinə yetirdiyi penalti zərbəsi ilə tarazlığı bərpa etdilər. Lakin AFR millisinin oyunçuları əlavə vaxtda oynamaq niyyətində deyildilər. 88-ci dəqiqədə Hrubeş dubl edərək, komandasına qələbə qazandırdı. “Alman maşını” köhnə qitənin ilk iki qat çempionu oldu.

© AP Photo1980-ci il Avropa Çempionatında AFR və Belçika komandaları arasında oyun anı: Horst Hrubeş ikinci qolu vuran zaman
AVRO-1980: darıxdırıcı və maraqsız turnir - Sputnik Azərbaycan
1980-ci il Avropa Çempionatında AFR və Belçika komandaları arasında oyun anı: Horst Hrubeş ikinci qolu vuran zaman

Bir daha deyim ki, bu turnir xüsusi bir zövq vermədi. Ancaq fakt odur ki, Avropa futbolunun dörd illiyi çempion dəyişikliyi ilə yadda qaldı. Qərbi Almaniya komandasına yaxşı oyun nümayiş etdirən yeni simalar gəldi. Harald Şumaxer, Karl-Hayns Rummenigge, Manfred Kalts, Bernd Şuster, Uli Ştilike – bu, unudulmaz alman futbolçularının nəsli idi! 1978-ci və 1979-cu illərdə Avropanın ən yaxşı oyunçusu olmuş Kevin Kiqanın şərəfini qoruduğu İngiltərə komandasından çox şey gözləyirdilər. Amma nə Kiqanın özü, nə də onun komanda yoldaşları yaddaqalan oyun göstərmədilər və “Dumanlı Albion”un azarkeşlərini dərindən kədərləndirdilər.

SSRİ millisinə gəldikdə isə ölkənin idman rəhbərliyi bu dəfə baş məşqçi Konstantin Beskovu vəzifəsində saxlamaq qərarına gəldi və milli komandanın 1982-ci il dünya çempionatının seçmə turlarına hazırlığını ona həvalə etdi. Məşqçi isə həm dünya çempionatında, həm də AVRO-1984-də yüksək nəticələr qazanmaq ümidi ilə işə başladı. Lakin bu haqda növbəti məqaləmdə.

Fuad Məmmədov-Paşabəyli

Xəbər lenti
0