BAKI, 16 yanvar — Sputnik. "Yaxın vaxtlarda Vergilər Məcəlləsinə edilən dəyişikliklərin qüvvəyə minməsi nəticəsində istehlakçılara xərclədiyi ƏDV vergisinin məbləğinin müəyyən hissəsinin geri qaytarılması prosesi başlayacaq. Bu da, öz növbəsində, ictimai nəzarəti, istehlakçının marağını artıracaq".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov yanvarın 16-da ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, ölkədə nəzarət-kassa aparatlarının quraşdırılması layihəsinin vacib mərhələsi başa çatır: "Nəzarət-kassa aparatlarının quraşdırılması və onlayn ödənişlərin edilməsi ictimai nəzarəti gücləndirəcək. Bunun üçün dövlət həm təşviq mexanizmi, həm də sanksiya alətləri üzərində işləyir".
Vergilər nazirinin müavini İlkin Vəliyev isə deyib ki, ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə yaxın bir ay ərzində hazır olacaq: "Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-dək ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək. Eyni zamanda, 2021-ci ilədək bütün ictimai-iaşə müəssisələrində nəzarət-kassa aparatları quraşdırılacaq".