BAKI, 16 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Tramp 2016-cı ildə prezident seçkilərində qalib gəldikdən sonra vəzifəyə başlamazdan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyib.
Sputnik Azərbaycan xəbər verir ki, "Washington Post" qəzeti bu barədə məlumatı iki jurnalistin yanvarın 21-də satışa təqdim ediləcək kitabından parçalara istinadən yayıb.
İki dövlət başçısı ilk dəfə 2017-ci ilin iyulunda Hamburqda baş tutmuş "G20" sammitində görüşüblər.
Qəzetin məlumatına görə, kitab müəllifləri yazırlar ki, Tramp Rusiya prezidenti ilə o qədər çox görüşmək istəyib ki, Putinlə nə vaxt görüşə biləcəyini və bunun andiçmə mərasimindən əvvəl baş verə biləcəyini öyrənmək üçün dövlət katibi vəzifəsinə namizədlərdən biri ilə söhbəti yarıda kəsib.
Kitabın müəllifləri həmçinin qeyd edirlər ki, Putinlə ilk görüşdən sonra Tramp "dərhal özünü Rusiya üzrə ekspert elan edib".