BAKI, 16 yanvar — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni kadr təyinatları aparılıb. İdarədən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Təhsil nazirinin müvafiq əmrlərinə əsasən, BŞTİ-nin müdir müavini vəzifələrinin icrası İdarənin İnsan resursları sektorunun müdiri Raman Məmmədova və Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərova həvalə edilib.
Qeyd edək ki, Məmmədov Raman Ağamalı oğlu 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirib. 2004-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində hüquq məsləhətçisi, baş məsləhətçi, Hüquq sektorunun müdiri, 2011-2012-ci ildə "Aqrolizinq" ASC-nin Hüquq şöbəsində aparıcı mütəxəssis, 2012-ci ildə "Texno-Atinak" MMC-də hüquqşünas, 2012-2015-ci illərdə "Absheron Construction" MMC-də Hüquq və İnsan resursları şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil nazirinin 2015-ci il 28 dekabr tarixli əmri ilə BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunub.
Əlavə edək ki, Raman Məmmədov hazırda BŞTİ-nin İnsan resursları sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin icraçısıdır. İsgəndərov Şahin Bəbir oğlu 1982-ci ildə anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Maliyyə və kredit ixtisası üzrə magistr təhsili alıb. 2012-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib. 1999-2003-cü illərdə Bakı Musiqi Akademiyasında mühasib, 2003-2005-ci illərdə Təhsil Nazirliyində aparıcı mühasib, 2005-2010-cu illərdə Təhsil Nazirliyində təsərrüfat müdiri, 2010-2013-cü illərdə Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsində baş mühasibin müavini vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil nazirinin 2013-cü il 15 noyabr tarixli əmri ilə BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Şahin İsgəndərov hazırda BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin icraçısıdır.