Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 16 yanvar — Sputnik. Dünən Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizm sektoru nümayəndələrinin etik kodeksin ictimaiyyətə təqdim etdi. 10 maddədən ibarət olan tövsiyə xarakterli sənəddə ümumi turizm qaydaları və etik normalar öz əksini tapıb.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan etik kodeksin turizm sektorunun bütün nümayəndələri, o cümlədən turistlər üçün nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, sənəddə turistlərin düzgün qarşılanması və yola salınması, onlara keyfiyyətli xidmətin göstərilməsi, turistlərin təhlükəsizliyi və məmnunluğunun təmin edilməsi öz əksini tapıb. Bundan başqa, turizm prosesi iştirakçılarının vəzifələri, turistlərin və turizm subyektlərinin hüquqları, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsinə də xüsusi yer ayrılıb.
Sputnik Azərbaycan turizm sektoru nümayəndələrinin etik kodeksində nələrin öz əksini tapdığını, bu sənədin faydasını araşdırıb. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat xdmətinin rəhbəri Orxan Bədəlov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sənədin 1-ci bəndində turizmin xalqlar və cəmiyyətlər arasında qarşılıqlı anlaşma və hörmətə töhfəsi öz əksini tapıb:
"Burada qeyd olunub ki, turizm fəaliyyətini qəbul edən region və ölkələrin spesifik xüsusiyyətləri və ənənələri ilə harmoniyada, onların qanun, adət və ənənələrinə riayət etməklə həyata keçirmək lazımdır. Həmçinin səfərlər zamanı turistlər və müsafirlər getdikləri ölkənin qanunlarına hörmətlə yanaşmalı, yerli mühitə zərər yetirə biləcək davranışa yol verməməlidirlər. Növbəti maddələrdə isə qeyd edilib ki, turizm fəaliyyətinin bütün növlərində kişi və qadınların bərabərliyi gözlənilməlidir. Seksual formada və xüsusilə də uşaqlarla münasibətdə istismar turizmin əsas məqsədlərinə ziddir".
O.Bədəlovun sözlərinə görə, qəbul edilən etik kodeksdə o da qeyd edilib ki, təşviq edilməli olan, Azərbaycandakı turizm infrastrukturu obyektləri və turizm fəaliyyəti növlərini elə şəkildə planlaşdırmaq lazımdır ki, ekosistemlər və bioloji müxtəlifliyi təşkil edən təbii irsin qorunması təmin edilsin, eləcə də yoxa çıxmaq təhlükəsi altında olan vəhşi fauna və flora növləri mühafizə edilsin: "Etik kodeksdə də öz əksini tapıb ki, Azərbaycanda turizm fəaliyyətini elə şəkildə planlaşdırmaq lazımdır ki, bu, ənənəvi sənətlər, mədəniyyət və folklorun standartlaşması və kasıblaşmasına aparmayıb, onların qorunub saxlanmasını təmin etsin. Yerli əhali turizm fəaliyyətinə cəlb edilməli və formalaşan iqtisadi, sosial və mədəni faydaların alınmasında bərabər hüquqlu əsaslarla iştirak etməlidir. Azərbaycanda turizm siyasəti elə şəkildə aparılmalıdır ki, bu səfər edilən rayonların əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə yardım etsin və onun ehtiyaclarına cavab versin. Turizm sahəsinin peşəkarları, xüsusilə investorlar, dövlət hakimiyyət orqanları tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində öz inkişaf layihələrinin ətraf mühit və təbiətə təsirini tədqiq etməlidirlər".
Assosiasiya səlahiyyətlisi deyir ki, etik kodeksdə yer alan mühüm məqamlardan biri də turistlərin hüquqları ilə bağlı məsələdir: "Turizm sahəsinin peşəkarları turistlərə təyinat yerləri və səfər, qəbul və qalma şərtləri haqqında obyektiv düzgün məlumatlar təqdim etməlidirlər. Onlar müştərilərə təklif etdikləri müqavilələrin müddəalarının istər təqdim etməyi öhdələrinə götürdükləri xidmətlərin xarakteri, qiyməti və keyfiyyəti baxımından, istərsə də müqavilə öhdəliklərinin onlar tərəfindən birtərəfli şəkildə pozulduğu təqdirdə, maliyyə öhdəlikləri baxımından aydınlığını təmin etməlidirlər".
Turizm üzrə ekspert Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a bildirib ki, turizm sahəsində bu tip sənədlərin hazırlanması müsbət haldır: "Düzdür, bu sənəd tövsiyə xarakteri daşıyır. Adətən, tövsiyə xarakterli sənədlərdə öz əksini tapan bəndlərə 100 faiz əməl edilmir. Ümumdünya Turizm Təşkilatı tərəfindən də etik kodeks hazırlanıb. Bütün bu sənədlər turizm sahəsində fəaliyyəti maarifləndirmə yolu ilə nizamlamaq, qanunsuzluqların qarşısını almaq məqsədi daşıyır. Amma bunun icrası istiqamətində də mexanizm işlənilib hazırlanmalıdır. Turizm agentliklərinə, bu sahədə xidmət göstərənlərə etik kodekslə bağlı məlumat verilməlidir ki, əməl edilsin".