BAKI, 16 yanvar — Sputnik. "Ümumilikdə yükdaşıma sahəsində 2018-ci illə müqayisədə 9,1% artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu gün keçirilən kollegiya iclasında danışıb.
O qeyd edib ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən illə müqayisədə 39,2% artım müşahidə olunub. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olub.
Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, bu istiqamətdə yük daşımalarında artım 42%-ə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38% artıb.
Sərnişindaşıma sahəsində əldə edilən uğurlara toxunan sədr 2018-ci ildə ölkə daxilində 2 mln 833 min nəfərin dəmir yolundan istifadə etdiyini diqqətə çatdırıb. Ötən il isə bu rəqəm 3 mln 849 min nəfər olmuşdur, bu isə 35,8% artım deməkdir.
Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta hesabla 15 min sərnişinin daşındığını qeyd edən Cavid Qurbanov Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam etdirilir.