Baş nazirin müavini BMT ilə əməkdaşlığa qiymət verdi

© AFP 2024 / DOMINICK REUTER Флаги стран мира перед штаб-квартирой ООН
Флаги стран мира перед штаб-квартирой ООН  - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Əhmədov qeyd edib ki, Azərbaycan dünyanın bir parçasıdır və ölkəmizin inkişafını dünyanın inkişafından ayrılıqda təsəvvür etmək mümkün deyil.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 yanvar - Sputnik. Azərbaycan hökuməti olaraq BMT ilə əməkdaşlığı yüksək dəyərləndiririk. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Baş Nazirinin müavini, dayanaqlı inkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib.

Əli Əhmədov vurğulayıb ki, Azərbaycan dünyada sürətlə inkişaf edən gənc dövlətlərdən biridir: "SSRİ-nin süqutundan sonra, ümumiyyətlə son 30 ildə yaranan dövlətlərə nəzər yetirdikdə Azərbaycan keçdiyi inkişaf yoluna, əldə etdiyi nailiyyətlərə görə fərqlənir".

O vurğulayıb ki, Azərbaycanın BMT ilə əlaqələri müxtəlif sahələri əhatə edir: "Bunlardan biri də strateji əməkdaşlıq, gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi və müəyyənləşdirilmiş prioritetlər əsasında strateji inkişafın təmin edilməsidir. Hazırda BMT-nin qlobal şəkildə həyata keçirdiyi layihələrdən biri 2030-cu ilə qədər dünyamızın transformasiyası ilə bağlı layihədir. Azərbaycan da bu layihəyə qoşulub və deyə bilərəm ki, az sayda ölkələr də 2017 və 2019-cu illərdə öz milli hesabatlarını BMT-yə təqdim edib".

Əli Əhmədov qeyd edib ki, Azərbaycan dünyanın bir parçasıdır və ölkəmizin inkişafını dünyanın inkişafından ayrılıqda təsəvvür etmək mümkün deyil.

Əli Əhmədov eyni zamanda vurğulayıb ki, insan kapitalı və onun inkişafı Azərbaycan üçün olduqca önəmlidir: "1990-cı illə müqayisədə Azərbaycan əhalisi 3 milyon nəfərdən çox artıb. Bu da təxminən 40% artım deməkdir. Ümumilikdə demək olar ki, Azərbaycan əhalisi hər il 1% artır".

O, həmçinin qeyd edib ki, hər il Azərbaycan bazarına hər il təxminən 100 min əmək qabiliyyətli insan daxil olur. Bununla bağlı qarşımızda duran əsas vəzifələrdən biri sosial sferanın inkişaf etdirilməsidir. Son illər ərzində Azərbaycanda bir çox sosial layihələr həyata keçirilib və bu, bundan sonra da davam edəcək".

Xəbər lenti
0