Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 15 yanvar – Sputnik. Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı namizədin Mərkəzi Seçki Komissiyasına müraciəti təmin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, 35 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Rauf Abbasov müraciətində vurğulayıb ki, Dairə Seçki Komissiyası onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırma etdikdən sonra məlum olub ki, həqiqətən də Dairə Seçki Komissiyası qərarında aidiyyəti olmayan maddələr sadalayıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib. Bundan sonra Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.
Mərkəzi Seçki Komissiyasının üzvləri təklif ediblər ki, 35 saylı seçki dairəsi xüsusi nəzarətə götürülsün.
Qeyd edək ki, bu dairədən ÜMİD Partiyasının sədri İqbal Ağazadə və "Yeni Müsavat" q\zetinin baş redaktoru Rauf Arifoğlu da deputatlığa namizəddirlər.