BAKI, 15 yanvar — Sputnik. "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AAYDA-nın sədri Saleh Məmmədov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 2019-cu il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 1906 yol nişanları, 15 940 pm əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 717,9 min m2 həcmində yolların sarı və ağ boya ilə xətlənməsi işləri yerinə yetirilib.
Onun sözlərinə görə, 2019-cu il ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 547 yol-nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində 8501 pm əyrixətli tirlər, 220 pm mühafizə çəpərləri, 22 işıq dirəyi, 10,5 m2 informatik lövhə, 8 ədəd yol nişanı, 26 m körpü məhəccəri yararsız hala düşüb.
Belə ki, bu hadisələr zamanı ümumilikdə yol təsərrüfatına 680 min 458,52 manat məbləğində maddi ziyan dəyib, bundan 423 min 911 manatı (62,3%) ödənilib: "Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 483 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 8 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunub, 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub".