BAKI, 13 yanvar — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp iranlı general Qasım Süleymaniyə qarşı əməliyyatın keçirilməsinə razılığını 7 ay əvvəl verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "NBC" telekanalı ABŞ Administrasiyasında olan yüksək vəzifəli şəxsə istinadən məlumat verib.
Qeyd edək ki, daha əvvəl məlumatda bildirilirdi ki, Tramp, ABŞ-ın İraqdakı hərbi bazasına zərbələr nəticəsində amerikalı podratçının ölümündən sonra general Qasım Süleymaniyə qarşı əməliyyat keçirmək qərarını verib.
Telekanalın məlumatına görə, İran hərbçiləri 2019-cu ilin iyununda Amerikaya məxsus uçan pilotsuz aparatı Hörmüz boğazında vurduqdan sonra milli təhlükəsizlik üzrə sabiq müşavir Con Bolton və dövlət katibi Mayk Pompeo Trampa cavab tədbiri kimi Süleymaniyə qarşı əməliyyat keçirməyi təklif edib. Tramp isə cavabında bildirib ki, İrana görə ABŞ vətəndaşı həlak olacağı təqdirdə bu addıma gedə bilər.
Xatırladaq ki, rəsmi Tehran həmin vaxt pilotsuz aparatın İranın hava məkanını pozduğu üçün vurulduğunu bildirib.
Telekanal bildirir ki, prezidentin iyunda imzaladığı sərəncamda bu şərt yer alıb və məhz bu hərbçilərin Trampa Süleymaninin öldürülməsini təklif etməsi üçün əsas verib.
Qeyd edək ki, daha əvvəl Tramp Administrasiyası Süleymaninin amerikalılara qarşı hücum planlaşdırdığına görə zərərsizləşdirildiyini bildirib.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamenei və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.
Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.
İran generalı üçün İraqda abidə qoyulacaq>>
"Press TV" telekanalının məlumatına görə, İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbəsi nəticəsində 80 nəfər ölüb. Rəsmi Vaşinqton isə aviazərbələr nəticəsində itkinin olmadığını bildirib.
Yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.
Lakin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yanvarın 11-i paylaşdığı tvitində qeyd edib ki, silahlı qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində "Boeing 737-800" təyyarəsi "insan səhvi" səbəbindən vurulduğu məlum olub. O faciənin ABŞ avantürizminin səbəb olduğu böhran zamanı baş verdiyini deyib.