Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 13 yanvar — Sputnik. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilin ilk premyerasını reallaşdırıb.
Sputnik Azərbaycan xəbər verir ki, yanvarın 12-də yaradıcı heyətin aylardır üzərində çalışdığı "Yeddi nar çubuğu" teatrsevərlərin ixtiyarına verilib.
Nağıl-tamaşanın premyerasında mədəniyyət və incəsənət xadimləri, teatrsevərlər və mətbuat nümayəndələri iştirak ediblər.
Kiçik həcmli ibrətamiz məişət nağıllarımızdan olan "Yeddi nar çubuğu"nun motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur.
Teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimovun quruluş verdiyi tamaşa klassik nağıl üslubuna tam fərqli baxış kimi də xarakterizə oluna bilər. Belə ki, rejissor ideyadan irəli gələn ibarətamiz hadisələr fonunda tamaşaçılara fərqli kukla texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim edə bilib.
Quruluşçu rəssamı Rəvanə Yaqubova olan bu tamaşada teatrsevərlər bütün zamanlarda öz füsunkarlığını qoruyan sehrli nağıl təsvir-təyinini hakim saxlamaqla çağdaş zamanın texnoloji vasitələrinin də fonunda tam klassik, bir növ, nostalgiya yaradan səhnə həllinə nail olub.
Mahnı və rəqslərlə zəngin tamaşanın bəstəkarı, Əməkdar artist Vüqar Camalzadə əsas etibarilə yurd, torpaq təəssübü, çağırış, cəng ruhlu musiqilər yazmaqla tamaşanın yüksək tempini və ümumi fabulasını qorumağa çalışıb. İstər hadisələrə, istərsə də mahnı mətnlərinə orqanik musiqilər yazan bəstəkar çoxçalarlı musiqi həlli yarada bilib.
Klassik kukla tamaşası üslubunda hazırlanan "Yeddi nar çubuğu"nda əsasən kölgə teatrı elementlərindən də istifadə edən rejissor fərqli kukla texnikaları və oyun üslublarını bir araya gətirməklə rəngarəng bir səhnə həllinə nail olub.
Quruluşçu rəssamın çoxfunksiyalılıq verdiyi səhnə detalları, eləcə də işıq effektləri, əlavə konstruksiyaların tətbiqi ilə səhnə içində səhnə yaratması və məhdud məkanı məhz işıq effektləri ilə cilalaması baxımlı idi.
Hər biri bütünlükdə rəssam işi olan 3 səhnə geyimi, eləcə də istər canlı plan (Nağılçı), istərsə də 13-dən artıq kukla və köməkçi obrazlara verilmiş tərtibat rəssamın incə zövqünə və nağıl elementlərinə diqqətinin bariz nümunəsi idi.
Pyes müəllifinin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması və ən əsası vahid məqsədə - tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar və mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlaya bildi.
Qeyd edək ki, tamaşaçıların maraqla izlədikləri tamaşada obrazları teatrın aparıcı aktyorları Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandırırdılar.