BAKI, 13 yanvar — Sputnik. Böyük Britaniya kraliçası II Elizabet Şahzadə Harri və xanımı Meqan Marklın müəyyən müddət Kanadada yaşamalarına icazə verib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Bukingem sarayının yaydığı məlumatda deyilir.
Yanvarın 8-də Şahzadə Harri və xanımı Meqan Markl bəyan etmişdilər ki, statuslarına görə onlara düşən maliyyə imtiyazlarından imtina edirlər və sərbəst pul qazanmaq fikrindədirlər, ancaq eyni zamanda kral ailəsi üzvlərinin öhdəliklərini yerinə yetirməyə davam edəcəklər. Bundan başqa, cütlük bildirib ki, onlar həm Böyük Britaniyada, həm də Amerikanın şimalında yaşayacaqlar. Bazar ertəsi kraliçanın şəhərdən kənardakı Norfolk qəsrində şahzadə onun kral ailəsinin yüksək çinli üzvlərinin sıralarını tərk etməsinə dair qərarından narazı olan qohumlarının suallarını cavablandırıb.
"Mən və ailəm hamılıqla Harri ilə Meqanın gənc ailə kimi yeni həyat başlamalarını dəstəklədik. Buna baxmayaraq, biz istəyərdik ki, onlar özlərinin kral ailəsi üzvü kimi vəzifələrini tam yerinə yetirsinlər. Biz onların ailə kimi sərbəst olmaq istəklərini anlayır və hörmət edirik... Biz bir keçid dövrü razılaşdırdıq, bu müddət ərzində Sasseksin hersoqu və hersoginyası vaxtlarının bir hissəsini Kanadada, bir hissəsini isə Böyük Britaniyada keçirəcəklər", - deyə Bukingem sarayının yaydığı məlumatda deyilir.
Kraliça görüşü məhsuldar adlandırıb və qeyd edib ki, Harri ilə Meqan bir daha qohumlarına dövlətin maliyyə dəstəyi olmadan yaşamaq istədiklərini təsdiq ediblər.
"Bu mənim ailəm üçün mürəkkəb məsələdir, hələ çox iş görülməlidir. Mən yaxın günlərdə qəti qərarın verilməsini xahiş etdim", - kraliça bildirib.
II Elizabet təkcə Harrini deyil, onun qardaşı Uilyamı və ataları Şahzadə Çarlzı da görüşə çağırıb. Sarayda eləcə də kral ailəsinin bütün yüksək çinli üzvləri olublar.