BAKI, 11 yanvar — Sputnik. Gürcüstanda qrip qurbanlarının sayı 8-ə çatıb. Sputnik Gürcüstan xəbər verir ki, Tbilisidə xəstəxanaların birində 30 yaşlı qadın qrip virusundan dünyasını dəyişib.
Yaxınlarının sözlərinə görə, gənc qadının vəziyyəti yanvarın 6-da pisləşib. Əvvəlcə o “Kaspi” xəstəxanasına yerləşdirilib. Yaxınlarının tələbindən sonra onu Tbilisiyə gətirərək, paytaxt xəstəxanalardan birinə yerləşdiriblər.
Qadın yanvarın 8-də dünyasını dəyişib. Onun 3 uşağı varmış. Yaxınları bu vaxta qədər qadının səhhətində heç bir problemin və heç bir xroniki xəstəliyinin olmadığını bildiriblər.
Gürcüstan mətbuatına görə, bu, qrip virusundan 8-ci ölüm faktıdır. Yanvarın ilk həftəsinin statistikasına görə, 191 nəfərdə qrip virusu ilə qeydə alınıb.
Bu mövsüm insanlar arasında yüngül və orta ağır simptomlarla özünü biruzə verən B qrupu qrip virusunun yayıldığı deyilir.
Ötən il qrip ağırlaşması ilə 22 nəfər dünyasını dəyişib.