2020-ci il iyulun 12-də “Uembli” stadionundakı finaldan sonra Avropa millilərindən birinin kapitanı məşhur “Anri Delone Kuboku”nu başı üzərinə qaldıracaq.
2008-ci ilin iyununda İker Kasilyas ilk olaraq Avropa çempionatının əsas simvollarından biri olan bu kubokun yenilənmiş versiyasını əlinə götürüb.
Məşhur sələfini əvəzləmiş yeni kubok 1960-cı ildə Artüs-Bertran tərəfindən layihələndirilib və Anri Delonenin adını daşıyan orijinalın xüsusiyyətlərini saxlayıb. Anri Delone Fransa Futbol Federasiyasının prezidenti, eləcə də UEFA-nın 1954-cü il iyunun 15-də yaranmasından 1955-ci il noyabrın 9-dək ilk baş katibi olub.
Gümüşdən hazırlanmış kubokun ikinci versiyası orijinaldan 18 santimetr hündür və iki kiloqram ağırdır. Yeni kubok Avropadakı ən nüfuzlu turnirin miqyasını və əhəmiyyətini mükəmməl şəkildə əks etdirir.
Avropa çempionatının təşkili ideyasının atalarından biri sayılan Anri Delonenin oğlu Pyer Delone yeni mükafatın yaradılmasına cavabdeh olub. Klassik üslubu saxlayan bu yenilənmiş mükafat 1955-ci ildə dünyasını dəyişmiş Anri Delonenin adını idman həvəskarlarının yaddaşında əbədiləşdirib.
Kubok orijinal “Anri Delone Kuboku” ilə eyni deyil. Kuboku daha çox sabitləşdirmək üçün onun gümüş təməli böyüdülüb. Əvvəllər Avropa çempionatının qaliblərinin adları postamentə yazılsa da, hazırda adlar kubokun arxa hissəsinə yazılır. Kubokun çəkisi səkkiz kiloqram, hündürlüyü 60 santimetrdir.
Orijinal kubok “Chobillon” zərgərlik emalatxanasında hazırlanıb və daha sonra Yan Artüs-Bertran tərəfindən alınıb. Yeni kuboku isə “Asprey London” hazırlayıb. Bu şirkət zərgərlik bazarında nüfuzlu mükafatlar hazırlaması ilə tanınır. Məsələn, “Asprey”in törəməsi olan “Garrard” şirkətinin işləri arasında hələ 1848-ci ildə hazırlanmış “Amerika Kuboku” var. UEFA-nin niyyəti nəinki keyfiyyəti artırmaq, həm də kuboku böyütmək olub, çünki Avropa futbol ittifaqının fikrincə orijinal çox kiçik idi.