Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 9 yanvar — Sputnik. Bu gündən Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti açılır. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
O bildirib ki, 2 müntəzəm və 4 qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus sərnişinlərin xidmətinə verilir: "Müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunacaq".
N.Allahyarova və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova da ilk sərnişinlər sırasındadır. "Bir neçə dəqiqədən sonra Cocuq Mərcanlının ilk reysinin ilk sərnişinləri olmaq qismət olacaq! Şuşaya gedəcəyimiz günə qədər Tanrı hamımızı qorusun", - deyə N.Allahyarova bildirib.
Xatırladaq ki, ötən ilin sonunda Cocuq Mərcanlıya 3 istiqamətdə – Sumqayıt, Mingəçevir və Gəncə istiqamətində xətlər istifadəyə verilib.