BAKI, 9 yanvar — Sputnik. Bakının Səbail rayonunda yenidən sürüşmə hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi Əziz Qaralov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sürüşmə rayonun Badamdar qəsəbəsi, Badamdar şosesində qeydə alınıb.
Hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci Sahə istiqamətində olan yol bağlanıb: "Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci Sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib. Sürüşməyə səbəb atmosfer çöküntülərinin artması və hələ də ərazidə kanalizasiya sisteminin olmamasıdır".
O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur, ərazidə monitorinqlər aparılır.
Xatırladaq ki, bu ərazidə sürüşmə sonuncu dəfə 2018-ci ilin oktyabrın 11-də baş vermişdi.