İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 8 yanvar — Sputnik. "Yol hərəkətinin təhlükəsizliyinə dair" (2019-2023) Dövlət Proqramında məqsəd nəqliyyatla bağlı təhlükəsizliyin təmin edilməsidir. Belə ki, məhz bu proqram çərçivəsində Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılması istiqamətində işlər görülür.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.
O qeyd edib ki, proqramda bir neçə istiqamət nəzərdə tutulub. Bunlardan biri də ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılmasıdır.
Azərbaycanda dizel mühərrikli avtomobillərin istismarının tədricən məhdudlaşdırılması birmənalı qarşılanmır.
Nəqliyyat məsələri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dizel mühərrikli avtomobillərin istismarına qadağanın qoyulması aktual məsələ deyil.
O deyib ki, bu, həm müəyyən bir vaxt tələb edir, həm də heç kimi dizel mühərrikli avtomobildən istifadə etməməyə məcbur etmək olmaz.
İndi həvəslə gətirirlər, amma iki-üç ilə hibrid avtomobillərə qarşı antipatiya yaranacaq>>
"Artıq Avropa İttifaqının bəzi ölkələrində bu proses baş verir. Bəzi şəhərlərdə dizel mühərrikli avtomobilləri idarə edənlərə cərimələr tətbiq edilir. Lakin həmin ölkələrdə alternativlər var. Benzinlə işləyən, hibrid və s. avtomobillər idarə edilir. Dövlət vətəndaşı yeni avtomobil almağa təşviq edir və bunu stimullaşdırır. Həmin ölkələrdə bank kreditlərinin faizləri azdır, avtokreditləşmə çox ucuzdur. İnsanlar köhnə avtomobillərini verib, yeni avtomobil almaqda heç bir çətinlik çəkmirlər", - deyən ekspert vurğulayıb ki, Azərbaycanda bu proses qəlizdir.
Belə ki, ölkədə yeni avtomobil almaq hər vətəndaş üçün əlçatan deyil. Çünki o, avtomobil almaq üçün kredit götürməlidir. Ancaq kredit faizləri çox yüksək olduğu üçün vətəndaşlar avtomobil ala bilmirlər.
Elə bu səbəbdən də dizel mühərrikli avtomobillərin istimarına qadağa qoyulması hələ ki aktual deyil.
"Azərbaycan neft-qaz ölkəsidir. Xüsusilə Bakı və Abşeronda sənaye müəssisələri cəmləşib. Sənayedə isə dizel mühərrikli avtomobillərdən istifadə edilir. Çünki digər yanacaqla çalışan avtomobillərdən istifadə qadağandır. Dizel mühərrikli avtomobillərdə yanma, alışma və partlama riski daha az olduğuna görə dizel mühərrikli avtomobillərdən istifadə edilir", - deyə E.Cəfər bildirib.
Ekspert Elməddin Muradlı isə bildirib ki, dizel mühərrikli avtomobillərin istismarına qadağa hər ölkə üçün əlverişli ola bilməz. "Azərbaycanda Dövlət Gömrük Komitəsi avtomobil bazarını elə bir iflic vəziyyətə salıb ki, dizel və ya benzinlə çalışan hər hansı bir avtomobili istismardan çıxarmaq vəziyyəti qəlizləşdirə bilər. Düzdür, dizel mühərrikli avtomobillər ekologiyaya ciddi zərər vurur. Eyni zamanda dizelin keyfiyyəti də sual altındadır. Belə avtomobillərin atmosferə atdığı zərərli qazlar müxtəlif xəstəliklərə səbəb olur".
Ekspert vurğulayıb ki, benzin və elektriklə çalışan avtomobillərin vergi və gömrük rüsumları azaldılsa, ola bilsin ki, dizel mühərrikli avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşdırılsın.
E.Muradlının sözlərinə görə, Nazirlər Kabinetinin 73 saylı qərarına görə, 2022-ci ildən Azərbaycana dizel mühərrikli avtobusların gətirilməsinə qadağa qoyulur.
"Bu məsələdə ortaq yolu tapmaq lazımdır. Zorla məhdudiyyət qoymaq olmaz", - deyə o bildirib.
Xatırladaq ki, Çin, Hindistan, Fransa, İngiltərə, Norveç fərqli tarixlərdə benzin və dizel mühərrikli avtomobillərin istismar edilməsinə qadağa qoymağı planlaşdırır.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, artıq 8 ölkədə bu istiqamətdə planlar hazırlanır. Bu ölkələr Avstriya, Danimarka, İrlandiya, İspaniya, Niderland, Yaponiya, Cənubi Koreya, Portuqaliyadır.
Mütəxəssislərə görə, havanı daha çox dizel və benzin mühərrikli avtomobillər çirkləndirir.